Azərbaycan ATƏT-in İtaliya sədrliyinin hərbi-siyasi məsələlər üzrə dialoqa yardım etmək niyyətini dəstəkləyir.
XəzərXəbər xəbər verir ki, bu fikir ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında Azərbaycan nümayəndə heyətinin ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab bəyanatında yer alıb.
Bəyanatda
bildirilib ki, Azərbaycan İtaliyanın bu çətin dövrdə təşkilata
sədrliyin məsuliyyətini üzərinə götürmək istəyini yüksək qiymətləndirir.
"Bizim italiyalı həmkarlarımız qarşıda duran vəzifələrin həyata
keçirilməsində Azərbaycan nümayəndə heyətinin fəal və konstruktiv
iştirakına ümid edə bilər”, - deyə bəyanatda qeyd edilib.
Nümayəndə
heyəti, həmçinin bəyanatda bildirib ki, mövcud münaqişələr milyonlarla
insanı onların əsas hüquq və azadlıqlarından məhrum edir. Onların bu
çətin vəziyyətini yalnız münaqişədə olan ölkələrin ərazi bütövlüyü,
suverenliyi və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin
toxunulmazlığı əsasında ədalətin bərpası və qanunun aliliyi yolu ilə
səmərəli şəkildə həll etmək mümkündür. Bəzi ölkələr tərəfindən tətbiq
edilən ikili standartlar münaqişələrin sülh yolu ilə həlli istiqamətində
səylərə mane olur.
Bəyanatda vurğulanıb ki, Azərbaycan irqçilik,
ksenofobiya, dözümsüzlük və ayrı-seçkiliyin bütün formaları ilə
mübarizədə İtaliya sədrliyinin səylərini dəstəkləyir. Multikulturalizm
və mədəniyyətlərarası dialoqun güclü tərəfdarı kimi Azərbaycan bu
sahədə İtaliya sədrliyinin təşəbbüslərini dəstəkləməyə hazırdır.