Azərbaycan Energetika
Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini
Tənzimləmə Agentliyinin təşkili və Dövlət Enerji Nəzarəti İdarəsi və
Dövlət Qaz Nəzarəti İdarəsi, habelə onların yerli bölmələrinin ləğvi ilə
əlaqədar Energetika Nazirliyində Təhvil-təslim Komissiyası yaradılıb.
Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, Komissiyanın yaranmasında məqsəd kommunal
xidmətlərin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması,
nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı
inkişafı, enerji təchizatında şəffaflığı və çevikliyi, xidmətlərin
sahibkarlar üçün əlçatanlığının təmin edilməsidir.
Ölkə Prezidentinin "Azərbaycan Respublikası Energetika Nazirliyinin
tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması
haqqında” 22 dekabr 2017-ci il tarixli fərmanının müvafiq bəndinə uyğun
olaraq, Agentlik Vergilər Nazirliyində dövlət qeydiyyatından keçirilib və ləğvetmə prosesinə başlanıb.
Sözügedən fərman əsasında qəbul edilmiş Nazirlər Kabinetinin 2017-ci il 27 dekabr tarixli sərəncamının icrasını təmin etmək məqsədilə Energetika Nazirliyinin
1 yanvar 2018-ci il tarixli əmri ilə yaradılmış Təhvil-təslim
Komissiyasına İdarələrin istifadəsində olan əmlakın Agentliyin balansına
verilməsini təmin etmək, qiymətləndirmə prosesində iştirak,
inventarlaşdırma aparmaq, Agentliyin nizamnamə fondunun
dəqiqləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və bu prosesdən irəli
gələn digər tədbirləri həyata keçirmək tapşırılıb.
Qeyd edək ki,
Agentliyin strukturu və işçilərin say həddi təsdiq olunana qədər ləğv
edilmiş idarələrin əməkdaşlarının öz funksiyalarını qanunvericiliyə və
vəzifə təlimatlarına uyğun olaraq yerinə yetirmələri nəzərdə tutulub.