"Azərbaycan hökuməti
adından Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev
sahibliyi etmək üçün namizədliyini təqdim etmək mənim üçün böyük
şərəfdir”.
XəzərXəbər xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə Azərbaycanın paytaxtı Bakının
Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya
Sərgisinə namizəd şəhər olması münasibətilə keçirilən qəbulda deyib.
Mehriban Əliyeva
deyib: "Bu axşam aramızda olduğu üçün Beynəlxalq Sərgilər Bürosunun baş
katibinin müavini Dimitri Kerkentzesə təşəkkürümü bildirmək istəyirəm.
Bu fürsətdən istifadə edib Beynəlxalq Sərgilər Bürosunun rəhbərliyinə və
onların fədakar komandasına Azərbaycan hökuməti ilə yüksək səviyyəli
əməkdaşlığa görə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan 2000-ci
ildən etibarən "Expo” hərəkatının fəal üzvüdür. Bizim pavilyonlarımız
son üç sərgidə - 2015-ci ildə pavilyonumuzu üç milyondan çox insanın
ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada
mükafatlar qazanıb. Beynəlxalq Sərgilər Bürosunun işinə sadə töhfəmizin
bu cür qiymətləndirilməsindən qürur duyuruq. Ümumdünya sərgisi bütün
mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi
sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və
əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir
araya gətirir. Buna görə də əminəm ki, Azərbaycan bu universal
platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir”.
Birinci vitse-prezident bildirib ki, əsrlər boyu ölkəmiz qitələrin və sivilizasiyaların kəsişməsində yerləşib. Avropa
və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan Şərq ilə Qərb, Şimal ilə
Cənub arasında ticari, siyasi və mədəni körpü rolunu oynayır. İki min il
ərzində qədim İpək Yolu bugünkü Azərbaycandan keçib. Ümumdünya Sərgisi
kimi bu yol bilik və bacarıqların paylaşılması üçün əhəmiyyətli bir
dəhliz olub. Bu, ölkəmizin tarixini, mədəniyyətini və tolerant imicini
formalaşdırıb: "Əsrlər boyu Azərbaycanda müxtəlif etnik qruplar və
dinlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində birgə yaşayıblar.
Etnik və dini müxtəliflik və multikulturalizm sadəcə dövlət siyasətimiz
deyil, eyni zamanda, bizim həyat tərzimizdir. Bu, bizim tariximizdir və
günümüzün reallığıdır. Biz dünyəvi, multikultural və çoxkonfessiyalı
cəmiyyətik və bundan qürur duyuruq”.
Mehriban Əliyeva
qeyd edib ki, bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və
dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur: "Biz hazırda
dünyanın üzləşdiyi bir çox ciddi problemlərin daha səmərəli həll
olunmasına imkan verəcək müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan
insanlar arasında daha yaxşı anlaşmanı təşviq etmək üçün beynəlxalq
platforma yaradırıq. Tariximiz və bugünkü reallıq bunun mümkünlüyünü
sübut edir. Mən Azərbaycanın təşəbbüsü ilə başlanan və BMT, YUNESKO, Avropa Şurası, BMT-nin
Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı və İSESKO kimi
beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Dünya Mədəniyyətlərarası
Dialoq Forumunu misal göstərə bilərəm. Bu siyasətə uyğun olaraq, biz
2016-cı ili Azərbaycanda "Multikulturalizm İli”, 2017-ci ili isə "İslam Həmrəyliyi İli” elan etdik. 2015-ci ildə keçirilən birinci Avropa Oyunları və bu ilin əvvəlində təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi digər töhfədir. Münaqişəyə, yeni siyasi sistemə
və bazar iqtisadiyyatına keçidin yaratdığı əlavə çağırışlara
baxmayaraq, Azərbaycan uğurlu inkişaf strategiyasını tətbiq edərək,
zəruri siyasi və iqtisadi islahatları həyata keçirə bilmişdir. Bu, bizə
müstəqilliyimizi möhkəmləndirməyə, vətəndaşlarımızın həyat səviyyəsini
yaxşılaşdırmağa və Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini təmin
etməyə imkan vermişdir. Siyasi, iqtisadi və sosial sabitlik uğurlu
inkişafımızın möhkəm təməlini təşkil edir.
Nəticədə, 2004-cü
ildən 2014-cü ilədək ümumi daxili məhsulumuzun həcmi üç dəfə artdı və
Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə
çevrildi. Bu müddətdə 1 milyon 600 mindən çox iş yeri yaradıldı.
İşsizliyin səviyyəsi 5 faizdir – bu, dünyada ən aşağı göstəricilərdən
biridir. Həmin dövr ərzində biz yoxsulluğun səviyyəsini 40 faizdən 5
faizədək azaltmağa nail olduq. Ölkə üzrə 3 mindən çox məktəb, 600-dən
çox xəstəxana və 50-dən artıq idman kompleksi inşa edildi. 2009-cu ildə
Azərbaycan Dünya Bankı tərəfindən "Dünyanın aparıcı islahatçı ölkəsi”
kimi qiymətləndirildi. Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal
Rəqabətlilik İndeksi” Azərbaycanı 137 ölkə arasında 35-ci yerə layiq
gördü”.
Mehriban Əliyeva əlavə edib ki, Azərbaycan öz nadir geostrateji mövqeyindən faydalanaraq Avropa ilə Asiya arasında qarşılıqlı əlaqəni yaradan əsas tərəfə çevrildi və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən biri oldu. Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, 2017-ci il oktyabrın 30-da açılışı qeyd edilən Bakı-Tbilisi-Qars
dəmir yolu xətti kimi bir sıra nəhəng beynəlxalq infrastruktur
layihələrinin təşəbbüskarı olub və onları həyata keçirib. Uzunluğu 850
kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən ən qısa yoldur.
"Bu gün biz, həmçinin beynəlxalq bazarlar üçün yeni təbii qaz mənbəyi olan və Avropanın enerji təhlükəsizliyini gücləndirən, dəyəri 40 milyard ABŞ
dolları olan Cənub Qaz Dəhlizinin reallaşmasında aparıcı rol oynayırıq.
Bu nümunələrin hər zaman ən böyük dəyəri - müxtəlif qitələr, ölkələr,
mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu, bacarıq və biliklərin
mübadiləsini təşviq edən qədim İpək Yolunun bərpasına Azərbaycanın
verdiyi əməli töhfəni sübuta yetirir. Hörmətli qonaqlar, Azərbaycan
yüksələn xətlə inkişaf edən dövlətdir və indi ölkəmizin iddiası 2025-ci
ildə Ümumdünya Sərgisinə ev sahibliyi etmək və bütün dünyanı qəbul etmək
hüququnu qazanmaqdır.
Bizim "İnsan kapitalının inkişaf
etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu həqiqətən hamını
narahat edən bir məsələdir. Bu mövzu dövrümüzün əsas çağırışını –
texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir. "Bakı
Expo 2025” sərgisində düşünürük ki, texnologiyadan daha uzağa baxmaq,
diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək
iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan
insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək. Biz
insanları – dünyada ən güclü resurs olan insan kapitalını universal
müzakirəyə çıxaracağıq.
Bakıda
keçiriləcək Ümumdünya Sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda
yeni auditoriya ilə təmasa girmək imkanı verəcək. Bu sərgi yeni
bölgədə, yeni dövrdə yeni bir tarix yazmaq imkanı yaradacaq. Bu sərgi,
həmçinin Azərbaycan xalqına bizim Beynəlxalq Sərgilər Bürosunun mümkün
olan ən yaxşı tərəfdaşlarından biri ola biləcəyini nümayiş etdirmək
fürsətini verəcək. Təklifimiz uğurlu olarsa, Bakı bütün Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk şəhər olacaq.
Biz
sərgi məkanının yaradılmasına və istismarına bütün lazımi vəsaiti
ayırmağa, həmçinin inkişaf etməkdə olan ölkələrin sərgidə iştirakını
dəstəkləməyə hazırıq. Sonda, əziz dostlar, mən Ümumdünya Sərgisinə ev
sahibliyi etmək üçün bizim təklifimizi dəstəkləmək məqsədilə əsas
məqamları bir daha diqqətinizə çatdırmaq istəyirəm:
1. Bizim
müxtəlif dinlərə və etnik mənşəyə mənsub olan insanlar arasında
multikulturalizm və qarşılıqlı hörmət ənənələri ilə zəngin olan qədim
tariximiz var.
2. Avropa
ilə Asiyanın kəsişməsində yerləşən, asanlıqla çıxış əldə oluna bilən
coğrafi mövqeyimiz Ümumdünya Sərgisinin keçirilməsi üçün yeni bir
məkandır.
3. Biz siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına, yüksək səviyyəli təhlükəsizliyə malik gənc müstəqil ölkəyik.
4. Sürətlə inkişaf edən infrastruktura malik Bakı şəhəri özündə tarixin və müasirliyin nadir qarışığını təcəssüm etdirir.
5.
Azərbaycan turist axınının sürətlə artdığı və 90-dan artıq ölkənin
vətəndaşlarına asan girişi və onlara elektron vizaların verilməsini
təmin edən ölkədir.
6. Zəngin mətbəximiz, xoş iqlimimiz və ənənəvi qonaqpərvərliyimiz əlbəttə ki, bizim üstünlüyümüzdür.
Bakı
sərgisi 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi
nailiyyətlərin tanıdılması üçün daha bir imkan olacaqdır. Bu, həmçinin
bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimul olacaqdır.
2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir.
Əgər bu şərəfə layiq görüləriksə, biz bütün dünyanı Azərbaycanda və
gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacağıq. Mən hamınıza gözəl axşam arzu edirəm və diqqətinizə görə sağ olun”.