"Gələn il biz müsəlman
dünyasında ilk parlamentar və dünyəvi respublika olan Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edəcəyik"
XəzərXəbər xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə Azərbaycanın paytaxtı Bakının
Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya
Sərgisinə namizəd şəhər olması münasibətilə keçirilən qəbulda deyib.
Birinci
xanımın sözlərinə görə, cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu
respublika irqindən, etnik mənsubiyyətindən, dinindən, cinsindən və
sosial statusundan asılı olmayaraq bütün vətəndaşlarının hüquqlarının
bərabərliyinə hörmət prinsipinə əsaslanan müasir Azərbaycan
dövlətçiliyinin demokratik ənənəsinin təməlini qoyub: "Hələ 1918-ci ildə
Azərbaycan dünyada kişilərlə bərabər qadınlara siyasi hüquqlar verən, o
cümlədən səsvermə hüququ verən ilk ölkələrdən biri olmuşdur”.
Birinci
vitse-prezident bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini
bərpa etdikdən sonra ölkə dərhal müstəqil dövlət kimi mövcudluğuna real
təhlükə yaradan böyük siyasi, iqtisadi və humanitar çağırışlarla
üzləşdi: "Bunlardan ən ciddisi qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü idi və bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunmuşdur və işğal hələ də davam edir. Ermənistan
tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan
artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni
qoşunlarının Azərbaycanın ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr yerinə
yetirilməlidir və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.