"Bu 14 il ərzində
iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə
gedən ikinci ölkə olmayıb. İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq
təxminən 50 faizdən 5 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 20
faizinə bərabərdir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100
faizini təşkil edir"
XəzərXəbər xəbər verir ki, bu faktları Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində səsləndirib.
Dövlətimizin
başçısı qeyd edib ki, Azərbaycanın uğurları beynəlxalq iqtisadi
qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Forumunun son
hesablamalarında iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə
Azərbaycan dünya miqyasında 35-ci yerdədir. "Bu rəqəm deməyə əsas verir
ki, bizim iqtisadi siyasətimiz mükəmməldir. Bu, ölkəmizin ümumi
inkişafında, insanların rifah halının yaxşılaşmasında öz əksini tapır.
Energetika, nəqliyyat sahələrində görülmüş işlər haqqında deyə bilərəm
ki, son vaxtlar bir çox yeniliklər baş vermişdir. Yəni, bir sözlə,
Azərbaycan bütün sahələr üzrə, o cümlədən hərbi-texniki sahədə böyük
uğurlara nail ola bilibdir”, - deyə Prezident İlham Əliyev bildirib.
Bu
uğurların təməlinin 1992-ci ilin noyabrında qoyulduğunu qeyd edən
dövlətimizin başçısı vurğulayıb ki, o vaxt Yeni Azərbaycan Partiyasının
yaradılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruya və
möhkəmləndirə bilib. Bu gün bütün dünya görür ki, Azərbaycan özünə
güvənən, öz daxili resurslarına arxalanan, müasir ənənələrə bağlı olan
güclü dünyəvi dövlətə çevrilib.