Xəzər Xəbər

Li Çjun: Azərbaycan Çinin önəmli tərəfdaşıdır

Gündəm | 16:45 • 14 Noyabr 2017
Li Çjun: Azərbaycan Çinin önəmli tərəfdaşıdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Li Çjun 2017-ci ilin Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 25 illiyi ilə əlamətdar olduğunu bildirib, keçən 25 il ərzində Azərbaycanın nəzərəçarpacaq dərəcədə inkişafının məmnunluq doğurduğunu söyləyib. O, Çinin Azərbaycanla ikitərəfli münasibətlərin dərinləşməsinə xüsusi önəm verdiyini bildirib və siyasi sahədə yüksələn inkişaf xəttinin davam etdirilməsində maraqlı olduğunu əlavə edib. Li Çjun Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində səylərinin Çin tərəfindən dəstəkləndiyini bir daha bəyan edib. O, "Bir kəmər-bir yol” təşəbbüsünə dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib və bu çərçivədə ikitərəfli əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb. Regionun aparıcı dövləti olan Azərbaycanı Çinin önəmli tərəfdaşı adlandıran qonaq xüsusi işçi qrup qismində Kommunist Partiyasının nümayəndə heyətinin Azərbaycana səfərinin bu qəbildən ilk xarici səfər olduğunu deyib və səfərin münasibətlərin yeni mərhələyə keçməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Elmar Məmmədyarov Çin Kommunist Partiyasının qurultayının uğurla keçməsi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan və Çin arasında əməkdaşlığın bütün sahələrində yüksələn xətt üzrə inkişafdan məmnunluq ifadə edib. Nazir iki dövlət arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinin iqtisadi, ticarət və digər sahələrdə yeni əməkdaşlıq perspektivlərinin üzə çıxarılmasına təkan verəcəyini qeyd edib. Çoxtərəfli müstəvidə Azərbaycan və Çin arasında uğurlu əməkdaşlığın mövcud olduğunu bildirən E.Məmmədyarov bu xüsusda BMT çərçivəsində əməkdaşlığı xüsusilə fərqləndirib. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Çinin də üzvü olduğu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbinin hələ də yerinə yetirilməməsinin təəssüf doğurduğunu bildirib. Bu xüsusda, E.Məmmədyarov Çin tərəfinə Azərbaycanın haqlı mövqeyinin ardıcıl dəstəklənməsi xəttinə görə təşəkkürünü bildirib, həmçinin Azərbaycanın "Vahid Çin” siyasətinə sadiq qaldığını bir daha bəyan edib. Güc tətbiqi ilə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi cəhdlərinin yolverilməz olduğunu diqqətə çatdıran nazir ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinin Azərbaycan və Çin arasında imzalanmış bütün siyasi sənədlərdə öz əksini tapdığını əlavə edib.

O, iqtisadi sahədə ikitərəfli əməkdaşlığa toxunaraq ölkələr arasında ticarət dövriyyəsinin mövcud potensialı və siyasi dialoqun səviyyəsini əks etdirmədiyini qeyd edib, bu sahədə, gələn il növbəti iclası keçiriləcək Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyini vurğulayıb.

2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başladığını xatırladan E.Məmmədyarov Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm əhəmiyyət verdiyini və Çinin təşəbbüskarı olduğu "Bir kəmər-bir yol” layihəsi çərçivəsində bu əsasda əməkdaşlıq üçün əlverişli imkanların olduğunu vurğulayıb. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən köklü tədbirlər barədə danışan Elmar Məmmədyarov Çin şirkətlərinin ölkəmizin qeyri-neft sektorunda daha fəal şəkildə təmsil olunacağına ümidvar olduğunu bildirib.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri paytaxt Bakının EXPO-2025-in keçirilməsinə namizəd şəhər olduğunu bildirərək, bu tədbirə ev sahibliyi etmək niyyəti ilə Azərbaycanın insan kapitalının inkişafına dair məqsəd və məramları barədə həmsöhbətinə məlumat verib.

Görüşdə, həmçinin humanitar, təhsil və turizm sahəsində münasibətlərin perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti