Xəzər Xəbər

Bəzi dövlət orqanları boş iş yerlərini gizlədir - Onları 700 manatadək cərimə gözləyir

Gündəm | 13:48 • 14 Noyabr 2017
Bəzi dövlət orqanları boş iş yerlərini gizlədir -

Bəzi dövlət orqanları boş iş yerlərini vaxtında müsabiqəyə təqdim etmirlər. Dövlət qulluqçuları reyestrinin aktuallığının vaxtında təmin edilməməsinə görə məsul şəxsləri 400 manatdan 700 manatadək cərimə gözləyir.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) icraçı direktoru Vəfadar Misirov noyabrın 14-də dövlət qulluğuna qəbula dair keçirdiyi mətbuat konfransında bildirib.

Dövlət orqanlarının reyestrinin aparılması üçün məsul şəxslərin təyin edildiyini vurğulayan V.Misirov deyib: "Dövlət qulluqçularının reyestri internet üzərindən işlənilir və istənilən orqan oradakı bazanı görür. Həmçinin oradakı məlumatlar daim yenilənməlidir. Bu reyestrin aktuallığını təmin etməyən məsul şəxslər cərimələnəcəklər”.

DİM-in icraçı direktoru bildirib ki, mərkəz Azərbaycan Respublikası Prezidenti Administrasiyası ilə birgə dövlət qulluqçularınn reyestri adlanan informasiya sisteminin idarə edilməsi ilə məşğuldur. V.Misirov deyib: "Ötən müddətdə reyestrdə 30 minədək dövlət qulluqçusu barədə məlumat toplanılıb. Bütün dövlət qulluğu sistemi bu reyestrin əsasında qurulur. Orada dövlət orqanlarındakı bütün işçilər, ştatlar haqqındakı məlumatlar öz əksini tapır. Dövlət orqanlarındakı vakant vəzifələr hər an DİM-də online formada görünür. Dövlət orqanları bu reyestri normal qaydada idarə edirlərsə bu məlumatlar aktual olur. Lakin müəyyən dövlət orqanları dövlət qulluqçularının reyestrinin aktuallığını təmin edə bilmirlər. Bununla bağlı həmin dövlət qurumları ilə DİM arasında danışıqlar gedir”.

Vurğulanıb ki, müəyyən dövlət orqanlarında bu məsələ ilə bağlı ləngimələr var və bu da DİM-in vakant dövlət qulluğu vəzifələrini online izləməsinə mane olur. Bu isə vakant yerlərin müsabiqəyə çıxarılmasında problemlər yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində reyestrin aparılması ilə bağlı tədbirlər görülsə də, bu işlər tam yerinə yetirilmir. Reyestrdə olan məlumata görə, həmin nazirlikdə 1400-dən artıq vakant vəzifə var. Ona görə də dövlət orqanları reyestrin aktuallığını təmin etməlidir ki, məlumatlar yenilənsin. Təhsil Nazirliyində dövlət qulluğu üzrə 300-dən artıq vakant yer var. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bizə 100-dən çox vakant yer təqdim etsə də, onlarda bundan əlavə 100-dən artıq boş yer də qalıb. Dövlət qurumları ilə bağlı siyahını daha da artırmaq olar.

Xəbər lenti