Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Pakistanın "The News" nəşrinə müsahibə verib.
DGK Mətbuat Xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, A.Əliyev müsahibədə Azərbaycan-Pakistan
münasibətləri, o cümlədən iki ölkənin gömrük xidmətləri arasında
əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsi və perspektivlər barədə
fikirlərini bölüşüb. Qurum rəhbəri DGK-nin fəaliyyəti barədə də danışıb.
Müsahibədə
vurğulanıb ki, Azərbaycanın bütün sahələrdə əməkdaşlıq əlaqələrinin
ildən-ilə inkişafına xüsusi önəm verdiyi ölkələrdən biri də Pakistandır.
Bu ilin iyun ayında iki ölkə arasında diplomatik münasibətlərin
qurulmasının 25 illiyinin tamam olduğu və diplomatik münasibətlərin
uğurla qurulmasında xalqlarımızın tarixi bağlılığının da mühüm rol
oynadığı bildirilib.
A.Əliyev xatırladıb ki, Pakistanın hələ
orta əsrlərdə dünya ticarət mərkəzlərindən biri olan Multan şəhərindən
Azərbaycana, xüsusilə Bakı şəhərinə tacirlər səfər edərdilər. Təxminən 500 il öncə Bakı
hökmdarları Multan tacirləri üçün karvansara - Multan karvansarası inşa
etdirib. O vaxtlar Multandan olan tacirlər bu günədək adını qoruyub
saxlamış karvansarada qalaraq, buranın əvəzolunmaz qonaqpərvərlik
imkanlarından istifadə edirdilər. Multan karvansarası dəyərli mədəni və
tarixi irs kimi hazırda Azərbaycan hökuməti tərəfindən mühafizə edilir.
"Pakistan
Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Pakistan
həmçinin, Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır", -
deyə bildirən sədr onu da əlavə edib ki, ölkələrimiz arasında
münasibətlər inkişaf edir, beynəlxalq məsələlərdə hər iki ölkə
bir-birinin mövqeyini dəstəkləyir.
Qeyd edilib ki, bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan rəhbərlərinin xüsusi rolu olub. Azərbaycan Prezidenti İlham Əliyevin
Pakistana rəsmi səfəri, eləcə də sonrakı illərdə Azərbaycan və Pakistan
rəhbərləri arasında baş tutan görüşlər bu əlaqələri daha da
gücləndirmək baxımından uğurlu olub.
Pakistanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanı
bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən
yüksək qiymətləndirildiyi, Azərbaycanın da hər zaman Pakistanın yanında
olduğu, o cümlədən BMT
Təhlükəsizlik Şurasının qətnamələri əsasında Kəşmir məsələsi üzrə
beynəlxalq forumlarda Pakistanın mövqeyini müdafiə etdiyi bildirilib.
A.Əliyev onu da əlavə edib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata
keçirilən humanitar və sosialyönümlü layihələr xalqlarımız arasında
mövcud qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verir və bu
layihələr gələcəkdə də davam etdiriləcək.
Azərbaycan və Pakistan
gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinə toxunan DGK sədri öncə
diqqətə çatdırıb ki, iki ölkə arasında möhkəm siyasi münasibətlərlə
yanaşı, iqtisadi-ticari və digər sahələrdə əlaqələrin daha da inkişaf
etdirilməsi üçün geniş potensial və imkanlar var.
"İndi qarşıda
duran əsas vəzifələr sırasında ikitərəfli iqtisadi münasibətləri də
strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq, bu istiqamətdə əməkdaşlığı
genişləndirməkdir. Bu baxımdan, iqtisadi-ticari əlaqələrin inkişafı,
birgə müəssisələrin təsis edilməsi, eləcə də investisiyaların
cəlbi, nəqliyyat layihələrinə qoşulma və sair məsələlərə çox diqqət
yetirməli, çox geniş və səmərəli əməkdaşlıq aparmalıyıq. Ümidvaram ki,
Azərbaycan və Pakistan rəhbərlərinin səmimi dostluq münasibətləri
əlaqələrimizin bütün sahələrdə dərinləşməsinə xüsusi təkan verəcək", -
deyə o bildirib.
Azərbaycan və Pakistan gömrük xidmətləri
arasında əməkdaşlıq əlaqələrinə gəlincə, diqqətə çatdırılıb ki, hələ
2004-cü il iyulun 8-də Bakı şəhərində "Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam
Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və
qarşılıqlı yardım haqqında" Saziş imzalanıb. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Pakistan İslam
Respublikasının Federal Gəlirlər Bürosu gömrük hüquqpozmaları, eləcə də
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizədə, gömrük işinin təşkili və digər sahələrdə qarşılıqlı
əməkdaşlıq edir. Hazırda bu əlaqələri qarşılıqlı maraq doğuran bütün
sahələrdə dərinləşdirmək zəruridir.
Müsahibədə müstəqil
Azərbaycan gömrüyü haqda ayrıca məlumat verən A.Əliyev bildirib ki,
DGK-nin əsası 30 yanvar 1992-ci ildə qoyulub. Onun gəlirlərin
toplanması, gömrük nəzarəti və hüquq-mühafizə fəaliyyəti kimi ənənəvi
gömrük, eləcə də gömrük sərhədində baytarlıq, sanitar və fitosanitar
funksiyaları vardır. Hüquqi bazaya ölkə Konstitusiyası və qanunları,
prezidentin sərəncam və fərmanları, Gömrük Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Azərbaycanın tərəfdar olduğu beynəlxalq sazişlər və digər hüquqi aktlar daxildir.
Qeyd
edilib ki, bu gün Azərbaycanın bütün gömrük-sərhəd buraxılış
məntəqələri yenidən qurularaq ən müasir yoxlama avadanlıqları ilə təchiz
edilib. Bundan əlavə, ölkənin bütün gömrük ərazilərində gömrük
hüquq-mühafizə və mobil bölmələri, eləcə də "Hədəf" mərkəzi fəaliyyət
göstərir. Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin həyat fəaliyyətinin bütün sahələrində, o
cümlədən gömrük xidmətində inkişafa nail olunub. Ölkəmizdə aparılan
dərin islahatlar gömrük sistemində də müsbət dəyişikliklərə səbəb olub.
Azərbaycan prezidentinin hərtərəfli dəstəyi sayəsində gömrük xidməti
qarşıdakı tapşırıqlar və yeni çağırışlara uyğun olaraq daim dəyişir.
DGK-nin ən sonuncu Gömrük Məcəlləsi 2011-ci ildə qəbul edilib və 2012-ci
ildə qüvvəyə minib. Həmin Məcəllə ÜGT-nin Kioto Konvensiyası və Avropa İttifaqının gömrük qanunvericilik normaları daxil olmaqla qabaqcıl gömrük təcrübələri və standartları əsasında tərtib edilib.
Daha
sonra məlumat verilib ki, idxal və ixrac əməliyyatlarının
asanlaşdırılması üzrə atılan mühüm addımlardan biri sərhəd buraxılış
məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin daşınması
məqsədilə "Yaşıl dəhliz" və digər sürətli keçid sistemlərinin
tətbiqidir. Gömrük bəyannaməsinin təqdim edilməsi daxil olmaqla bir çox
gömrük xidmətləri elektron əsasda göstərilir, eyni zamanda, ÜGT-nin
Malların Buraxılış Vaxtının Ölçülməsinə dair Təlimat metodologiyasından
istifadə etməklə, Malların Buraxılış Vaxtının Ölçülməsi layihəsi
hazırlanıb və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası
təmin edilib. Layihə gömrük prosedurlarındakı və mallar və nəqliyyat
vasitələrinin sərhəd boyu hərəkətindəki boşluqları müəyyən etməyə imkan
yaradır.
Azərbaycanın gömrüklə əlaqəli bir sıra beynəlxalq
tədbirlərə ev sahibliyi etməsi barədə də danışan A.Əliyev qeyd edib ki,
DGK bir sıra beynəlxalq və regional təşkilatların üzvüdür, o cümlədən
ÜGT ilə fəal əməkdaşlıq edir. Azərbaycanda ÜGT-nin üç regional strukturu
- Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzi yerləşir. Bakı
şəhərində ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzi, bundan başqa,
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Regional Ofisi də
fəaliyyət göstərir.
Müsahibənin sonunda Dövlət Gömrük Komitəsinin
sədri ümidvar olduğunu bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı
Gömrük Xidməti Rəhbərlərinin iclasında iştirak etmək üçün Pakistana
edəcəyi səfər ölkələrimizin gömrük xidmətləri arasında da əlaqələrinin
bütün sferalarda uğurla inkişafına xidmət edəcək. Eyni zamanda, bu səfər
iki ölkə arasında münasibətlərin daha da inkişafına, xalqlarımız
arasında tarixən mövcud olmuş əlaqələrin bundan sonra da genişlənməsinə
töhfəsini verəcək.