SOCAR rəhbərliyi dünyanın aparıcı şirkət rəhbərlərinin dəyirmi masasında iştirak edib.
Şirkətdən
XəzərXəbər-ə verilən məlumata görə, dünyanın aparıcı neft-qaz şirkətlərinin
rəhbərləri Abu Dabidə təşkil olunan "Şirkət Rəhbərlərin Dəyirmi
Masası”nda iştirak ediblər. Abu Dabi Milli Neft Şirkətinin baş
qərargahında keçirilən yüksək səviyyəli görüşdə enerji mühitinin
transformasiyası, yeni təklif-tələb dinamikası kimi qlobal məsələlər
müzakirə olunub.
Dünyanın 26 ən nüfuzlu neft-qaz şirkətlərinin
rəhbərləri sırasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti də
şirkətin prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Dəyirmi
masa çərçivəsində müasir texnologiyaların təsirləri, dünyada yeni
enerji mənbələrinin yayılması kimi aktual məsələlər əsas müzakirə
mövzusu olub. Bu proseslərin qlobal enerji bazarlarına, tələb-təklif
dinamikasına göstərdiyi təsirlər dəyərləndirilib, yeni qlobal
çağırışları daha dərindən dərk etmək üçün fikir mübadiləsi aparılıb.
Dəyirmi masa müzakirəsindən sonra SOCAR
prezidenti BP, Total, Statoil, Petronas, Saudi Aramco şirkətlərinin
rəhbərləri ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib, bu
görüşlərdə mövcud əməkdaşlıqlar çərçivəsində aktual məsələlər müzakirə
olunub, yeni əməkdaşlıq imkanları araşdırılıb.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev
"Şirkət Rəhbərlərinin Dəyirmi Masası”nın təşkil olunmasını daha sonra
bu cür şərh edib: "Qlobal energetika sahəsində sürətlə gedən proseslərin
daha səmərəli idarə olunması üçün aparıcı şirkətlər arasında fikir
mübadiləsi aparılmalıdır. Buna görə biz bu tipli müzakirələrin təşkil
olunmasını müsbət dəyərləndiririk.
Burada müzakirə etdiyimiz
proseslər bütün ölkələrə, o cümlədən Azərbaycana da təsir göstərir. Yeni
texnologiyaların sayəsində alternativ enerji mənbələrinin rolu
artmaqdadır. Neft və qaz məhsulları isə gələcəkdə yalnız yanacaq mənbəyi
kimi deyil, həm də daha çox müxtəlif plastik əşyaların, gübrə və qida
məhsullarının hazırlanmasında mühüm rol oynamağa davam edəcək. Bu
baxımdan, SOCAR-ın
ötən illərdə daha çox neft və qaz emalı layihələrinə sərmayə qoymaqla
əsas tutduğu strategiya, bu günün reallığına və gələcəyə nəzər saldıqda,
özünü bir daha doğruldur.
Bu gün burada dünyanın aparıcı şirkətlərı sırasında yer almağımız SOCAR-ın beynəlxalq səviyyədə nüfuzlu bir şirkətə çevrilməsinin göstəricisidir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, SOCAR
nəinki Azərbaycan daxilində, həm də dünya miqyasında mühüm rol oynayan
bir şirkətdir, və, bu mövqeyindən istifadə edərək, həm ölkəmizin
gəlirlərinə, həm də qlobal məsələlərin koordinasiyasına öz töhfəsini
verməyə davam edəcək.”
Qeyd edək ki, "Şirkət Rəhbərlərinin Dəyirmi Masası” adlı xüsusi tədbir Abu Dabidə keçirilən nüfuzlu ADİPEC
ümumdünya Neft-Qaz Sərgisi və Konfransının ərəfəsində təşkil edilib.
13-16 noyabr tarixlərində keçirilən həmin sərgi və konfransda 135
ölkədən olan 2000-dən çox şirkət təmsil olunur.