Mən çox şadam ki, Siz
mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəlmisiniz. Səfərin
çox böyük əhəmiyyəti var və əminəm ki, çox gözəl nəticələri də olacaq.
XəzərXəbər-in
məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan
prezidenti Rumen Radevlə görüşdən sonra mətbuata bəyanatında deyib.
"Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin
iştirakı ilə keçirilmiş görüşlərdə biz Bolqarıstan-Azərbaycan
əlaqələrinin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha
təsdiqlədik ki, Bolqarıstan və Azərbaycan dost, tərəfdaş ölkələrdir və
bizim tərəfdaşlığımızın çox böyük əhəmiyyəti var. İki il bundan əvvəl
biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladıq və
əslində, bu Bəyannamənin adı özlüyündə bir göstəricidir. Bolqarıstan və
Azərbaycan strateji tərəfdaşdırlar. Siyasi əlaqələrimiz ən yüksək
səviyyədədir və bu gün əsas müzakirə mövzusu iqtisadi, nəqliyyat,
energetika, turizm sahələrində və digər sahələrdə əməkdaşlığa
əsaslanırdı. Bu sahədə böyük perspektivlər ola bilər. Təbii ki,
qarşılıqlı ticarət dövriyyəsinin həcmi bizi qane edə bilməz. Bugünkü
görüşdə müvafiq göstərişlər verilib ki, aidiyyəti orqanlar ticarət
dövriyyəsinin artması ilə bağlı konkret təkliflər təqdim etsinlər”, -
deyə o vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, "Azərbaycan Hava Yolları" şirkəti Bakıdan
Sofiyaya birbaşa təyyarə uçuşlarını təşkil edəcək: "İndi hazırlıq
işləri gedir. Əminəm ki, bütün danışıqlar uğurla nəticələnəcək və
tezliklə Bakıdan Sofiyaya, Sofiyadan Bakıya
təyyarə reysləri açılacaq. Mən bunu da səfərin gözəl nəticəsi kimi
qiymətləndirirəm. Əlbəttə, bu gün biz energetika sahəsindəki əməkdaşlıq
haqqında fikir mübadiləsi apardıq. Biz bu sahədə də strateji tərəfdaşıq.
Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Bolqarıstan Bakıda
bir neçə dəfə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının
iclasında həmişə yüksək səviyyədə təmsil olunub və Cənub Qaz Dəhlizinin
icrası ölkələrimizi bir-birinə daha da yaxın edəcək. Bu, nəhəng
transmilli layihədir. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard
dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Azərbaycanın
nəhəng "Şahdəniz” yatağından qaz Avropa
ölkələrinə, region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılacaq.
Əminəm ki, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi
məsələlərinin həllində öz rolunu oynayacaq”.
Prezident
deyib ki, görüşdə energetika sahəsində, xüsusilə qaz sahəsində növbəti
əməkdaşlıq planları haqqında fikir mübadiləsi də aparılıb: "Bir halda ki
Azərbaycan qazı bir neçə ildən sonra Bolqarıstan bazarına çatdırılacaq,
əlbəttə, gələcək əməkdaşlıq üçün də çox yaxşı imkanlar açılacaq. Mən Prezidenti məlumatlandırdım ki, Bakı-Tbilisi-Qars
dəmir yolu yaxın vaxtlarda istifadəyə veriləcək. Bu da tarixi layihədir
və əminəm ki, Bolqarıstan da bu layihədə fəal iştirak edəcək. Bu layihə
bütün ölkələr, o cümlədən dəmir yolu boyu yerləşən ölkələr üçün yeni
imkanlar açacaq. Əlbəttə ki, biz humanitar sahədə əməkdaşlıq haqqında da
danışdıq. Bu sahə həm Bolqarıstan, həm də Azərbaycan üçün çox
önəmlidir. İnsanlararası əlaqələr, humanitar əməkdaşlıq, təhsil
sahəsində əməkdaşlıq, əlbəttə ki, əlaqələrimizin möhkəm zəminini daha da
gücləndirəcək. Bir sözlə, qeyd etdiyim məsələlər artıq əyani şəkildə
göstərir ki, bizim əməkdaşlığımız çoxşaxəlidir və çox uğurludur. Prezidentin səfəri bu sözlərimi bir daha təsdiqləyir”.