Xəzər Xəbər

Prezident: Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq

Gündəm | 13:02 • 13 Oktyabr 2017
Prezident:

Əminəm ki, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq.

XəzərXəbər xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 13-də Bakıda Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

"Bu gün biz energetika sahəsindəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu sahədə də strateji tərəfdaşıq. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Bolqarıstan Bakıda bir neçə dəfə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında həmişə yüksək səviyyədə təmsil olunmuşdur və Cənub Qaz Dəhlizinin icrası ölkələrimizi bir-birinə daha da yaxın edəcək. Bu, nəhəng transmilli layihədir. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Azərbaycanın nəhəng "Şahdəniz” yatağından qaz Avropa ölkələrinə, region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılacaq. Əminəm ki, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq”, - deyə dövlətimizin başçısı bildirib.

Xəbər lenti