Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.
XəzərXəbər-in məlumatına görə, fətvada deyilir: "Hicri-qəməri təqvimi ilə 1438-ci il başa çatır. Qafqaz
Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni
Hicri 1439-cu ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə
2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Bu il Aşura günü
oktyabrın 1-nə təsadüf edəcək.
Müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu
kimi, müharibə və münaqişələrin qadagan edildiyi aylardandır. Lakin,
təəssüflər olsun ki, bu ayın onuncu, yəni Aşura günü İslam
tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın
və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün
kimi daxil olmuşdur. Məhərrəmlik mənəviyyatın zirvəsi olan şəhadəti
tərənnüm edir. Bu ayda şəhidlik fəlsəfəsinin açıqlanmasına xüsusi önəm
verilməlidir. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda
insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə)
həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənə olaraq yaşadılır.
Unutmayaq ki, əziz və qəhrəman Vətən şəhidlərimiz şəhidlər sərvəri İmam
Hüseynin (ə) davamçılarıdırlar. Təziyə mərasimlərində şəhidlərimizi yad
etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın
işğaldan azad olunmasını dua etmək müqəddəs vəzifəmizdir. Ölkəmizdə İmam
Hüseyn (ə) əzadarlığı bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən
və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır.
Əzadarlıq moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətlərin,
şəhidliyin əsl mahiyyətinin açıqlanması, torpaqlarımızın bütövlüyü
uğrunda canlarından keçənlərin, Qarabağ, Xocalı
şəhidlərinin yad edilməsi tövsiyə olunur. Xütbə və moizələrdə
bildirilməlidir ki, torpaqlarımızın işğalına son qoymaq üçün çalışmaq
əzadarlıq ruhiyyəsinin ayrılmaz hissəsidir. Torpaqlarımızın işğalı davam
etdiyi dövrdə gənclərimiz Ali Baş Komandanın əmrinə daim hazır, millətə
və Vətənə bağlı olmalı, dövlətimizin mənafelərini uca tutmalıdırlar.
Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun, onun amallarına
yaraşan tərzdə keçirilməlidir. Mövcud qanunvericiliyə əsasən, əza
məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə
keçirilməli və ictimai asayişə mane olmamalıdır. İbadət məkanlarından
kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının
icazəsi əsasında təşkil oluna bilər. Əzadarlar dinimizin təyin etdiyi
əxlaqi çərçivələrə riayət etməlidirlər. Belə ki, qurşağadək soyunub
zəncir və sinə vurmaqla bədənə xəsarət yetirmək, qan çıxarmaq müqəddəs
şəriətimizə və İslam
əxlaqına uyğun deyil. Allah rizayəti üçün İmam Hüseynə (ə) məhəbbətini
izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər.
Son illər Qafqaz
Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyası
xalqımız tərəfindən xüsusi təqdir edilir. Bu baxımdan, Kərbəla
şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə
qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir.
Buna görə də bu, həyat verən savab əməl din xadimləri tərəfindən təbliğ
edilməlidir. Ümid edirik ki, möminlər bu gözəl ənənəni yaşadacaqlar. Qafqaz Müsəlmanları İdarəsi Əhli Beytin hər iki məzhəb üçün əziz olduğunu nəzərə alaraq Azərbaycanda yaşayan hər iki məzhəb ardıcıllarına İslami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində dini dəyərlərə uyğun olaraq birgə iştirak etmələrini tövsiyə edir.
Müsəlman aləminin mürəkkəb dövr yaşadığı, dünyada qardaş savaşı,
radikalizm və terrorizmin yayıldığı bir zamanda müdrik xalqımız və
qüdrətli dövlətimiz Allahın inayəti ilə dindən sui-istifadə edənlərə
layiqli cavab verməyə hazırdır. Təbii ki, bu gücün zəmanəti
dövlətçiliyimizdir və bu böyük nemətə görə Allaha şükür olsun. Din
xadimlərimiz ölkəmizdə mövcud sabitliyin pozulması, məzhəbi müstəvidə
qarşıdurma yaradılması məqsədilə din adından siyasi alət kimi istifadə
edən bəzi qüvvələrə qarşı ayıq-sayıq olmalıdırlar.
Dövlət müstəqilliyimizin, milli-mənəvi dirçəlişimizin bünövrəsini qoymuş Millət atası Heydər Əliyev üçün hər zaman dualar edən dindarlarımız, bu ali mənəviyyat yolunun davamlı olması üçün həmd-sənalar edirlər. Azərbaycan
dindarları Vətənimiz və onun qüdrəti üçün misilsiz səylər göstərən,
ölkəmizin siyasi-iqtisadi inkişafı, əmin-amanlığının təminatçısı,
milli-mənəvi, dini-multikultural dəyərlərin himayədarı olan, beynəlxalq
miqyasda İslam
həmrəyliyi ideyalarını müdafiə edən, islamofobiya təzahürlərinə qarşı
qətiyyətli mövqe nümayiş etdirən möhtərəm dövlət başçımız Zati-aliləri İlham Əliyevin fədakar fəaliyyətinə Uca Allahdan rəvac diləyir, ölkəmizin əmin-amanlığı və rifahı üçün dualar edirlər".