Xəzər Xəbər

Prezident: 1994-cü ildən neft-qaz sahəsindəki xronologiya uğurlar xronologiyasıdır

Gündəm | 13:50 • 14 Sentyabr 2017
Prezident:

Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır.

Prezident İlham Əliyev bu fikirləri Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimindəki nitqində səsləndirib və "Əsrin müqaviləsi”ndən ötən müddətdə qazanılan nailiyyətləri diqqətə çatdırıb.

Prezident 1994-cü ildə "Azəri-Çıraq-Günəşli” neft yatağı, 1996-cı ildə "Şahdəniz” qaz yatağı üzrə kontraktların imzalandığını, 1997-ci ildə isə "Çıraq” platformasından ilk neft çıxarıldığını xatırladıb və bunu dünya neft tarixinin nadir hadisələrindən biri adlandıraraq deyib: "1994-cü ildə kontrakt imzalanır, üç ildən sonra artıq ilk neft çıxarılır. 1998-ci ildə həmin bu neft fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlamışdır. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilmişdir və artıq Azərbaycan nefti iki istiqamət üzrə dünya bazarlarına çıxarılmağa başlanmışdır. 2002-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan limanında istifadəyə verilmişdir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir və "Şahdəniz” qazının ilk hissəsi Türkiyəyə ixrac edilməyə başlamışdır.

2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atıldı və bu gün bu layihə uğurla icra edilir. Bunun tamamlanmasına az bir vaxt qalıb. 2013-cü ildə TAP layihəsi qaz kəməri kimi seçilmişdir və o istiqamətdə də işlər gedir. Yəni, əsas xronoloji mənzərə bundan ibarətdir”.

Xəbər lenti