"Bu gün ölkəmizin həyatında çox
əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli” nəhəng neft
yatağının işlənilməsində yeni dövr başlayır. Bu tarixi mərasimdə bizimlə
bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə
salamlayıram. Onların bu tədbirdə iştirakı bir daha bugünkü tədbirin
önəmini əks etdirir”.
XəzərXəbər-in xəbərinə görə, bunu Prezident İlham Əliyev Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft
hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib
olunmuş Sazişin imzalanması mərasimində deyib.
O vurğulayıb ki, bu gün imzalanan kontraktın Azərbaycan üçün çox böyük əhəmiyyəti var. "Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır: "Yeni imzalanacaq kontrakt Azərbaycan
üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış
kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da
yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini
diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə
xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus
ödəniləcək; SOCAR-ın "AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana
çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas
şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər
artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.
Eyni zamanda, onu qeyd etməliyəm ki, 23 il ərzində kontraktın icrası da çox uğurlu idi. Bu illər ərzində "Azəri-Çıraq-Günəşli”dən
436 milyon ton neft hasil edilmişdir. Yaxşı xatırlayıram ki, 1994-cü
ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton
müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat
deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də "Azəri-Çıraq-Günəşli”də
hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də
qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki,
kontraktın icrası müddətində bu rəqəm daha da artacaq.
İyirmi üç il bundan əvvəl Azərbaycan zin tarixində çox əlamətdar hadisə baş vermişdir. Bakının Gülüstan sarayında ulu öndər Heydər Əliyevin
sədrliyi ilə "Əsrin kontraktı”nın imzalanması mərasimi keçirilmişdir və
bununla da ölkəmizin uğurlu inkişafına təkan verildi. O günü mən çox
yaxşı xatırlayıram, o gün mənim gözümün qabağındadır. Doğrudan da Azərbaycan öz tarixində ən önəmli addımlarından birini atırdı. "Əsrin kontraktı”nın imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Azərbaycan
1991-ci ildə müstəqilliyə qovuşanda çox ağır problemlərlə üzləşmişdi.
Xüsusilə 1992-ci ildə dövlət çevrilişindən sonra hakimiyyəti qanunsuz
zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində
ölkəmiz uçurum kənarına qoyulmuşdu. İqtisadi tənəzzül, sənaye
potensialının azalması, inflyasiya min faizlərlə ölçülürdü, ölkəmizdə
iqtisadi perspektivlər demək olar ki, yox idi, siyasi, hərbi, iqtisadi
böhran, anarxiya, xaos yaşanırdı. Laxlayan hakimiyyəti saxlamaq üçün o
vaxtkı hakimiyyəti qanunsuz zəbt etmiş hakimiyyət silaha əl atdı, Azərbaycanda
vətəndaş müharibəsinə start verdi, qardaş qanı axıdıldı. Ölkəmizin
ikinci böyük şəhəri – Gəncə AXC-Müsavat hakimiyyəti tərəfindən
bombalandı. Azərbaycan böyük faciə ilə üz-üzə idi.
Bununla paralel olaraq, Ermənistan
ölkəmizə qarşı işğalçılıq siyasəti aparırdı və bu siyasət nəticəsində
torpaqlarımızın böyük hissəsi işğal altına düşmüşdür, bir milyondan çox
qaçqın-köçkünümüz var idi. Bax, belə bir ağır vəziyyətdə xalq yeganə
düzgün seçim etdi, Heydər Əliyevə
müraciət etdi, onu hakimiyyətə dəvət etdi və onun 1993-cü ildə
prezident vəzifəsinə seçilməsindən sonra vəziyyət yavaş-yavaş düzəlməyə
başlamışdır. İqtisadi, siyasi islahatlar aparılmağa başlanılmışdır,
bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdir, ölkəmiz
demokratiya yoluna qədəm qoymuşdur, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir.
Əlbəttə ki, ölkəmizin inkişafı üçün xarici sərmayə lazım idi. Çünki o
vaxt xəzinə boş idi, inkişaf üçün də heç bir imkan yox idi. Belə bir
vəziyyətdə xarici böyük neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək əlbəttə ki, böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi. Azərbaycan
o vaxt çox riskli bir yer sayılırdı və belə bir vəziyyətdə 1994-cü ildə
"Əsrin kontraktı”nın imzalanması, ölkəmizə böyük sərmayə qoyuluşunun
cəlb edilməsi doğrudan da tarixi nailiyyətdir”.
İ.Əliyev xatırladıb ki, o gündən 23 il keçir: "Bu illər ərzində Azərbaycan
sürətlə inkişaf etmişdir. Bu gün ölkəmiz dünyada ayaqda möhkəm dayanan
ölkə kimi tanınır. Bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycan beynəlxalq aləmdə çox yüksək və müsbət reputasiyaya layiq olan ölkədir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir və bu da
beynəlxalq aləmin bizə olan rəğbətinin, hörmətinin, dəstəyinin əlaməti
idi”.
""Əsrin kontraktı”nın ömrü artıq sona çatır. Əlbəttə ki, kontraktın müddəti bitəndən sonra Azərbaycan istənilən başqa tərəfdaşla yeni kontrakt imzalaya bilərdi və bu imkanlar bizdə var idi. Ancaq BP ilə SOCAR
arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər əlbəttə ki,
bugünkü seçimi şərtləndirdi. Mən buna çox şadam. Əminəm ki, bundan sonra
da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər”-deyən İlham Əliyev bildirib "Eyni zamanda, mən "Azəri-Çıraq-Günəşli”nin bütün tərəfdaşlarını da xüsusi qeyd etmək istərdim. Onlara da öz minnətdarlığımı bildirmək istəyirəm. Onlar Azərbaycana
böyük sərmayə qoyublar. Bugünkü qərarın qəbul edilməsində hər bir
tərəfdaş şirkətin öz payı var. Onların qərarı olmasaydı, bugünkü mərasim
də olmayacaqdı.
Bir sözlə, Azərbaycan
aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı
maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük
faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihənin icrası
nəticəsində böyük mənfəət əldə ediblər. Bu, o hadisələrdəndir ki, burada
hər iki tərəf qalib gəlir.
"Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri
qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox
neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan
nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də
başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə
əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan
axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək,
orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün
müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas
vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək
və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün”, - dövlət başçısı vurğulayıb.
O bildirib ki, bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı
şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir: "Tikdiyimiz 3 mindən
artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox
olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji
infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi
- bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli
istifadə etmə imkanlarımız dayanır.
Biz bu illərdə Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış
səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayırdıq və 250 min
köçkünü 100-ə yaxın yeni salınan qəsəbədə gözəl evlərlə, mənzillərlə
təmin etdik. Bu proses davam edir. Eyni zamanda, biz neftdən əldə edilən
gəlirləri Dövlət Neft Fondunda çox şəffaf şəkildə qoruyuruq. Dövlət
Neft Fondunun fəaliyyəti çox şəffafdır. Onun fəaliyyəti, gəlirləri,
xərcləri haqqında məlumat müntəzəm olaraq ictimaiyyətə çatdırılır.
Dövlət Neft Fondunun xərcləri ancaq parlamentin təsdiqi ilə mümkündür.
Büdcəmiz təsdiq ediləndə o vaxt hökumətin təklifi ilə Milli Məclis transfertin həcmini müəyyən edir. Yəni, maksimum şəffaflıq bizə imkan verdi ki, bu imkanlardan səmərəli istifadə edək. Bu gün Azərbaycan o ölkələrdəndir ki, şəffaflığa görə çox yüksək beynəlxalq qiymətə layiqdir.
Mən çıxışımın əvvəlində qeyd etdim ki, "Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür. Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana
çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani
sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm,
dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də "Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq”.