Moskva şəhərində səfərdə olan
Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 12-də Alabino
poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının
təntənəli bağlanış mərasimində iştirak edib.
Müdafiə Nazirliyindən
XəzərXəbər-ə verilən məlumata görə, yarışların son günü rəsmi qonaqlar final
mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və müxtəlif
müsabiqələrdə qalib
gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.
Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradılan "Dostluq Evi”nə gəliblər.
Burada onlar Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə
görüşərək, birlikdə iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş
etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olublar.
"Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.
Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Silahlı
Qüvvələrinin nümayəndələri "Dəniz kuboku”, "Tank biatlonu”, "Səhra
mətbəxi”, "Snayper həddi” və "Artilleriya atəşinin ustaları”
müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.