"Ermənistan rəhbərliyinin cəbhədəki
məğlubiyyətlərin əvəzini virtual məkanda çıxmaq niyyəti ilə atdığı
addımlar da uğursuzluqla nəticələnir"
Bunu
AzVision.az-a hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. General bildirib ki, erməni mətbuatı guya azərbaycanlı əhalinin cəbhəboyu kəndləri tərk etmələri barədə dezinformasiya xarakterli məlumatlar yayır.
"Əminliklə deyə bilərəm ki, bu cür məlumatların əsası yoxdur. Əhali Azərbaycan Ordusuna güvənir, kəndlərdə rahat, arxayın yaşayır, gündəlik və təsərrüfat işləri ilə məşğul olur. Ermənistan
silahlı qüvvələrinin vəziyyəti gərginləşdirmək məqsədilə yaşayış
məntəqələrimizi və dinc əhalini mütəmadi atəşə məruz qoyması isə heç
kəsi qorxutmur və kimsə də öz yurd-yuvasını tərk etmək niyyətində deyil.
Ermənilərin şişirdərək guya yaşayış məntəqələrimizdə atəş nöqtələrinin
yerləşdirilməsi və bu səbəbdən əhali ilə hərbçilər arasında
mübahisələrin yaranması barədə yazdıqları da növbəti erməni
riyakarlığıdır. Atəş nöqtələrimizin kəndlərdə yerləşdirilməsi iddiası
isə Ermənistan hərbi rəhbərliyinin real vəziyyətdən tamamilə bixəbər
olmasının göstəricisidir. Qarşı tərəfdən fərqli olaraq Azərbaycanın
hərbi kəşfiyyatı düşmən haqqında yetərincə və hərtərəfli məlumata
malikdir. Odur ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin mətbuata
ötürdüyü xəbərlər isə ancaq vəziyyətə bələd olmayan, daima aldadılan
erməni əhalisi üçün keçərli ola bilər və özlərini təmizə çıxarmaq
məqsədi daşıyır".
Y.Aydəmirov qeyd edib ki, dezinformasiya məqsədilə düşmən tərəfindən
sonuncu yayılan və cəbhəboyu kəndlərdə vəziyyətə dair olduğu iddia
edilən guya "idarə rəisinin Müdafiə Nazirliyinin rəhbərliyinə”
ünvanladığı "məktub”dur.
"Bu saxta "məktub” o dərəcədə bisavad və səriştəsiz hazırlanıb ki, onu
ciddi qəbul etmək düzgün deyil. Bu, erməni qeyri-peşəkarları tərəfindən
tələm-tələsik uydurulmuş və səliqəsiz düzüb-qoşulmuş bir kağız
parçasıdır. Ermənilərin bu kimi saxtakarlığı son günlər Azərbaycan
mətbuatında işğalçı ordudakı neqativ hallar barədə ortalığa çıxan
faktlara cavab olaraq ermənisayağı atılmış növbəti bir addımdır".