Paytaxt məktəblərindəki
məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 6579
ərizənin onlayn qeydiyyatı (09.08.2017-ci il tarixinə saat 12:00-a olan
məlumata əsasən) aparılıb.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil
müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına
uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata
keçirilir.
Avqustun 1-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 18-dək
davam edəcək. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə
avqustun 15-dən sentyabrın 20-dək həyata keçiriləcək.
Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, məktəbəhazırlıq qruplarının əsas məqsədi
uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması,
onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.
Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil
müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək.
Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz
ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.
2017-2018-ci tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən
ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox
uşağın cəlb edilməsi planlaşdırılır. Bu, həmin qəsəbələrdə
məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci
sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin
tədris göstəricilərinin yüksəldilməsi məqsədlərinə xidmət edir.
Qeyd edək ki, 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur.