Mülki insanların, o cümlədən
uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar
əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət
terrorizm siyasətidir.
Bunu
XəzərXəbər-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edərkən deyib.
XİN rəsmisi bildirib ki, Ermənistan silahlı qüvvələrinin qoşunların
təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış
məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə alması kimi
əməllərinin nəticəsində 7 avqustda Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Yusifov Ramin xəsarətlər alıb:
"4 iyul tarixində isə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı
kəndini ağır silahlardan hədəfli şəkildə və qəsdən atəşə tutması
nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi
Quliyeva Zəhra qətlə yetirildi, 52 yaşlı Quliyeva Sərvinaz isə ağır
yaralandı. Ermənistanın bu vəhşiliyinin, xüsusilə azyaşlı uşağı və
qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin
şəkildə pislənilməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən
nəticə çıxarmayaraq 7 avqustda 13 yaşı Yusifov Raminin yaralanması ilə
nəticələnən növbəti barbar əməli törətdi".
H.Hacıyev qeyd edib ki, 25 ildən artıq dövr ərzində Ermənistanın
Azərbaycana qarşı apardığı müharibə nəticəsində Ermənistan tərəfindən
çoxsaylı hərbi cinayətlər, soyqırım və bəşəriyyət əleyhinə cinayət
əməlləri törədilib:
"Xocalı
soyqırımı bunun ən dəhşətli və qanlı nümunələrindən biridir. 2016-cı
ilin aprelində Ermənistan rəhbərliyinin törətdiyi hərbi avantüra
nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralandı, arasında uşaq
olmaqla 6 nəfər həlak oldu. Mülki Azərbaycan əhalisinin təhlükəsizliyini
təmin etmək üçün Azərbaycan silahlı qüvvələri əks-həmlə tədbirləri
həyata keçirdi, atəş məntəqələrini susdurdu və işğal altında olan bir
sıra strateji məntəqələri işğaldan azad etdi. Ermənistanın yenilənmiş
hərbi doktrinasında cəbhə xətti boyunca asimmetrik hücumların həyata
keçirilməsi və bu xüsusda mülki insanların və obyektlərin hədəfə
alınması artıq açıq şəkildə təsbit olunub. Ermənistana münasibətdə hökm
sürən cəzasızlığın nəticəsidir ki, Ermənistanın hərbi rəhbərliyi mülki
insanlar və mülki obyektlərin hədəfə alınmasından çəkinmədiklərini
etiraf edən bəyanatlarla çıxış edirlər".
XİN rəsmisi deyib ki, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki
obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və
insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1
saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının
müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə
pozulmasıdır:
"Müasir beynəlxalq hüquqa əsasən bu əməllərə görə bir dövlət olaraq
Ermənistan Respublikası ilə bərabər, Ermənistanın siyasi-hərbi
rəhbərliyində olan şəxslər də bilavasitə məsuliyyət daşıyırlar.
Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində
mövcudluğu danışıqlar prosesinə ciddi maneədir, hərbi risklərin və
gərginliyin yaranmasının əsas səbəbidir. İşğala əsaslanan qəbuledilməz
və qeyri-davamlı status-kvonun dəyişdirilməsi üçün ilk növbədə
Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən
çıxarılması təmin olunmalıdır. 26 iyul tarixində Xarici İşlər və Müdafiə
Nazirlikləri Ermənistanın təmas xətti və Ermənistan-Azərbaycan sərhədi
boyunca sistematik şəkildə atəşkəsi
pozması, təxribatlar törətməsi və qəsdən yaşayış məntəqələrini və mülki
insanları hədəfə alması barədə Ermənistana xəbərdarlıq məqsədi daşıyan
birgə bəyanatla çıxış etdilər. Bir daha bəyan edirik ki, Ermənistanın
törətdiyi təxribat və hücumların qarşısını almaq üçün Azərbaycanın
atmalı olacağı addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə
düşür".