Xəzər Xəbər

Gəncə şəhərinin dəqiq yaşı bilindi

Gündəm | 19:44 • 8 Aprel 2013
Gəncə şəhərinin dəqiq yaşı bilindi

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Elmi Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə bildirib. Onun sözlərinə görə, Gəncənin yaşı ilə əlaqədar analizlər ABŞ-ın Smitsan İnstitutu tərəfindən aparılıb: “Gəncənin ən qədim hissəsi Zurnabad deyilən ərazidir. Buradakı qala divarının daşlarını bir-birinə birləşdirən yapışdırıcı maddədən nümunə götürülərək Smitsan İnstitutuna kimyəvi analizə göndərilib. Smitsan İnstitutunun kimyəvi analiz laboratoriyasının nəticəsinə əsasən, Gəncənin 4000 il yaşının olması qənaətinə gəlinib”.

S. Pişnamazzadə deyib ki, Gəncənin yaşı ilə əlaqədar rəsmi rəy mayın əvvəlində Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda elan olunacaq: “Gəncə şəhərinin 4000 illik keçmişi layihəsinin rəhbərləri İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Latviyanın keçmiş prezidenti Vaira Vike-Freiberga və Smitsan İnstitutunun Milli Muzeyinin rəhbəri Pol Teylordur. Gəncənin yaşı ilə bağlı rəsmi rəy açıqlanandan sonra ölkə prezidentinin də buna dair sərəncam imzalayacağı gözlənilir”.

S. Pişnamazzadə deyib ki, Azərbaycanda Gəncənin yaşı ilə əlaqədar ilk tədqiqatlar arxeoloq İsaq Cəfərzadə tərəfindən aparılıb.

Qeyd edək ki, indiyədək Gəncənin 2500 illik tarixə malik olması əsas götürülürdü. “Lakin bu fikrin heç bir arxeoloji əsası olmayıb. Qədim Gəncə indiyədək tədqiqatlara cəlb edilməmişdi. Gəncənin yaşının dəqiqləşməsində məqsədlərdən biri də bu şəhərin UNESKO-nun siyahısına salınmasıdır”, - deyə S. Pişnamazzadə bildirib.

Xəbər lenti

Çox oxunanlar