Xəzər Xəbər

Bu il malyariya epidemiyasından ölənlərin sayı arta bilər

Dünya | 15:58 • 30 Noyabr 2020
Bu il malyariya epidemiyasından ölənlərin sayı arta bilər

Koronavirus pandemiyası ilə əlaqədar bu il dünya üzrə malyariya epidemiyasından ölənlərlərin sayı on minlərlə arta bilər.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu proqnozu pandemiya zamanı malyariyaya qarşı səhiyyə xidmətlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə izah edib. ÜST-ün Malyariyaya qarşı mübarizə proqramının rəhbəri Pedro Alonzo bildirib ki, vəziyyətin gərginliyindən asılı olaraq bu il malyariyadan ölənlərin sayı ötən illə müqayisədə 20 mindən 100 min nəfərədək arta bilər.


ÜST-ün hesabatına görə, ötən il əksəriyyəti Afrika qitəsinin payına düşməklə dünyada 409 min insan malyariyadan dünyasını dəyişib. Hesabatda dünyada malyariyaya yoluxma hallarının sayının 2000-ci ildən 2019-cu ilədək nisbətən azaldığı da əksini tapıb (238 milyondan 229 milyona). Lakin son dörd ildə yoluxma hallarının səviyyəsinin dəyişməz qalması isə epidemiyaya qarşı mübarizənin effektivliyini artırmağı tələb edir.


ÜST-ün Afrika üzrə regional direktoru Matshidiso Moeti isə dünya ölkələri tərəfindən malyariyaya koronavirus qədər diqqət və maliyyə imkanları ayrılmamasından şikayətlənib. Onun sözlərinə görə, profilaktikası və müalicəsi mümkün olan xəstəlikdən hər il təxminən 400 min insanın ölməsi bütün dünyada əks-səda və narahatlıq doğurmalıdır./Azərtac


Ramil

Xəbər lenti