Xəzər Xəbər

Tramp hakimiyyətin Baydenə verilməsi işlərinə başlamaq barədə göstəriş verib

Dünya | 11:51 • 24 Noyabr 2020
Tramp hakimiyyətin Baydenə verilməsi işlərinə başlamaq barədə göstəriş verib

ABŞ Prezidenti Donald Tramp noyabrın 23-də bildirib ki, Ümumi Xidmətlər İdarəsinə hakimiyyətin Co Baydenə təhvil verilməsi üzrə ilkin protokolları icra etməyə başlamaq barədə sərəncam verib.


İdarənin rəhbəri Emili Merfi Demokratlar Partiyasının namizədinin seçkilərdə qalib gəlməsini etiraf edib və hakimiyyəti təhvil verməyə hazır olduğunu bildirib.


Tramp özünün "Twitter” səhifəsində yazıb: "Bizim işimiz irəliləyir, biz qəti mübarizəni davam etdirəcəyik və əminəm ki, qalib gələcəyik! Bununla belə, ölkəmizin mənafeyi naminə tövsiyə edirəm ki, Emili (Merfi) və onun komandası ilkin protokollar barədə nə lazımdırsa etsinlər, mən öz komandama da eyni işləri görməyi tapşırmışam”. Tramp daha sonra əlavə edib ki, Merfi ABŞ-a "sadiq olduğuna” görə "təhqirlərə, təhdidlərə və kobud rəftara” məruz qalıb.


Beləliklə, ABŞ lideri seçkilərdə məğlub olduğunu etiraf etməkdən yenə imtina edib, hərçənd hakimiyyətin təhvil verilməsi üzrə formal prosedurların icrasına başlamağa icazə verib.


Baydenin qərargahında qeyd ediblər ki, bu məsələ qəti həll edilib. Bayden 2021-ci il yanvarın 20-də and içəcək. (AZƏRTAC)

Xəbər lenti