Xəzər Xəbər

BQXK Dağlıq Qarabağdakı missiyasının tərkibini genişləndirəcək

Dünya | 11:16 • 24 Noyabr 2020
BQXK Dağlıq Qarabağdakı missiyasının tərkibini genişləndirəcək

"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki missiyasının tərkibini genişləndirəcək”.


APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bunu BQXK-nin prezidenti Peter Maurer deyib.


O bildirib ki, artıq büdcənin artırılması ilə bağlı qərar verilib. "Müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı idisə, gələn il bu rəqəm 45 milyon İsveçrə frankı olacaq. Yəni, biz bunu dörd qat artıracağıq. Orada çox az adamımız var idi. İndi bölgəyə əlavə 400-500 nəfər göndərməyi planlaşdırırıq”.


P. Maurer qeyd edib ki, BQXK missiyasının vəzifəsi münaqişədən zərər çəkmişlərə kömək etməkdir və digər əsas vəzifələrdən biri də müharibədə həlak olanların cəsədlərinin axtarışı və şəxsiyyətinin müəyyənləşdirilməsidir.


BQXK prezidentinin sözlərinə görə, indiyədək tərəflərin nəzarəti altında olan və tapılması asan olan meyitlər götürülüb: "Əsas çətinlik təmas xəttində, minaların olduğu yerdə işləməkdir, orada meyitləri tapmaq çox çətindir. BQXK bu işi maksimum ləyaqətlə həyata keçirmək, meyitlərin şəxsiyyətini müəyyənləşdirmək və qohumlarına təslim etmək üçün ən yaxşı təcrübəyə sahibdir”.


P. Maurer bu işin təxirə salınacağı halda ən xoşagəlməz nəticələrin yarana biləcəyini qeyd edib: "Torpaq çirklənməsi ola bilər. Qış başlamazdan əvvəl cəsədlər tapılmazsa, daha sonra qurbanların şəxsiyyətini müəyyənləşdirmək çətin ola bilər. Çünki qışda qalıqların çürüməsi ehtimalı var. Keçmiş təcrübəmizdən bilirik ki, tez bir şəkildə hərəkət etməsək, itkin düşmüş insanlarla bağlı gələcək müzakirələr çətinləşəcək”.

Xəbər lenti