Xəzər Xəbər

Türkiyənin milli bayramı İstanbulda böyük coşğu ilə qeyd olunub - FOTO

Dünya | 09:11 • 30 Oktyabr 2020
Türkiyənin milli bayramı İstanbulda böyük coşğu ilə qeyd olunub -

Türkiyənin Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü bütün respublikada olduğu kimi, İstanbulda da böyük təntənə ilə qeyd olunur.


Bayram münasibətilə İstanbulun Taksim meydanında yerləşən "Cumhuriyyət Abidəsi” ziyarət olunub, qarşısına əklillər düzülüb. Taksim meydanında Azərbaycan və Türkiyənin böyük bayraqları dalğalandırılıb.


Şəhərin yeni istifadəyə verilən televiziya qülləsi iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb.


Bayram münasibətilə İstanbul Valiliyində mərasimi təşkil olunub.


Tədbirdə çıxış edən İstanbul valisi Ali Yerlikaya Türkiyə Respublikasını XX əsrdə yoxsulluğa rəğmən, gözünü qırpmadan, qorxmadan cəbhəyə atılan ölkəyə inanan əcdadların ən böyük zəfəri adlandırıb. O deyib: "Bu, kədərdə və sevincdə bir olan millətimizin əsəridir. 1923-cü il oktyabrın 29-da Atatürk tərəfindən Türkiyə Cümhuriyyəti elan ediləndən bəri hər gün biz hamımız Cümhuriyyətik”.


İstanbulun Pendik Bələdiyyəsi tərəfindən bu əlamətdar gün münasibətilə təşkil olunan tədbirdə xüsusi hazırlanmış 97 metrlik Türkiyə bayrağı ilə yanaşı, böyük Azərbaycan bayrağı da açılıb. Pendikin Gənclər Millət Bağçasında təşkil olunan tədbirdə qardaş Azərbaycana dəstək şüarları səsləndirilib.


Bayram şənlikləri çərçivəsində 1940-1070-ci illər istehsalı olan klassik avtomobillərdən ibarət karvan İstanbulun mərkəzi küçələrində dolaşıb. Bununla yanaşı, şəhərin Üsküdar Velosiped Peloton İdman Klubunun təxminən 50 üzvü səhər saatlarında bir araya gələrək Üsküdar meydanında velosiped yürüşü təşkil ediblər. Tədbir Üsküdar Bələdiyyəsi tərəfindən təşkil olunub.


Bu il ilk dəfə olaraq İstanbulun adalar bölgəsindən başlayaraq hər nöqtəsində bayram şənlikləri və konsert proqramları təşkil olunub. Bu tədbirlər İstanbul Böyükşəhər Bələdiyyəsinin rəsmi internet hesabları vasitəsilə canlı yayımlanıb.


Türkiyə Respublikasının yaranma tarixi və Cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün həyat yolunu əks etdirən "Kamal” teatr tamaşası oktyabrın 22-dən 30-dək tamaşaçılara təqdim edilir.


Oktyabrın 29-da İstanbulun bütün nəqliyyat vasitələri, o cümlədən gəmilər gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.


Bu bayram yalnız böyük şəhərlərdə deyil, Türkiyənin hər bir bölgəsində böyük təntənə ilə qeyd edilir. (AZƏRTAC)

Xəbər lenti