Xəzər Xəbər

Ermənistan: terrorçular, muzdlular, yaşlılardan sonra uşaqlar da döyüşlərə cəlb olunur

Dünya | 17:13 • 25 Oktyabr 2020
Ermənistan: terrorçular, muzdlular, yaşlılardan sonra uşaqlar da döyüşlərə cəlb olunur

Fərarilik, özbaşınalıq, rüşvət verməklə və koronavirus adı ilə ordudan yayınma halları, muzdluların, həmçinin əsgər çatışmazlığından yaşlıların və uşaqların əsgər kimi döyüşlərə cəlb olunması... Bunlar bir aya yaxındır davam edən hərbi əməliyyatların Ermənistan ordusunu saldığı acınacaqlı vəziyyəti açıq şəkildə nümayiş etdirir. Ermənistan mediasında, sosial şəbəkələrdə yayılan informasiyalar göstərir ki, orduda canlı qüvvə baxımından kifayət qədər çatışmazlıq yaranıb. Bir neçə cəbhədə gedən şiddətli döyüşlər zamanı düşmənin verdiyi itkilər, böyük ərazilərin, həmçinin strateji yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi Ermənistan əhalisində ciddi ruh düşkünlüyü yaradıb. Ermənistan hakimiyyətinin uydurduğu yalanlara inanmayan əhali müxtəlif yollarla övladlarının döyüşlərə cəlb olunmasının qarşısını alır.


Belə bir vəziyyətdə muzdluların, terrorçuların döyüşlərə cəlb olunması Ermənistanın ordudakı canlı qüvvə çatışmazlığını kompensasiya etmək istəyi ilə izah edilə bilər.


Son günlərdə Ermənistan tərəfindən muzdlu döyüşçü qismində müxtəlif terror təşkilatlarının üzvlərini, o cümlədən xarici ölkə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə gətirərək hərbi əməliyyatlara cəlb olunması faktları toplanılıb. Azərbaycan rəsmi şəkildə bəyan edib ki, hərbi əməliyyatlar zamanı zərərsizləşdirilmiş döyüşçülər arasında çoxlu sayda Suriya, Livan, ABŞ, Kanada, Yunanıstan və Fransadan gələn muzdlular müəyyən edilib və onların Ermənistan tərəfindən münaqişə bölgəsinə gətirilməsi haqqında sübut və dəlillər aşkarlanıb. Bundan başqa, Ermənistanın təşəbbüsü ilə PKK terror təşkilatının işğal olunmuş Azərbaycan torpaqlarında hərbi bazalar qurması və Azərbaycana qarşı vuruşması ilə bağlı əsaslı məlumatlar mövcuddur.


Əlbəttə ki, ASALA terror təşkilatının müxtəlif illərdə ayrı-ayrı ölkələrdə törətdiyi cinayətlər bütün dünya ictimaiyyətinə məlumdur. 1990-cı illərdə Qarabağ döyüşlərində də bu terrorçuların fəallığına dair məlumatlar var.


Erməni mətbuatında və sosial şəbəkələrdə terrorçuluq fəaliyyətinə görə dəfələrlə məhkum edilmiş Fransa Respublikasının vətəndaşı Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin işğal altındakı ərazilərimizə gəlməsi faktı da var.


Ermənistan muzdlulardan döyüşlərdə fəal istifadə etməklə növbəti dəfə beynəlxalq hüququn normalarını kobud şəkildə pozmaqdadır. Muzdlu anlayışı 1949-cu il Beynəlxalq Silahlı Münaqişələrdə Qurbanların Müdafiəsi haqqında I Cenevrə Konvensiyasının I Əlavə Protokolunun (1977) 47-ci maddəsində əksini tapıb. Həmin maddəyə əsasən muzdlunun kombatant və ya hərbi əsir statusu almaq hüququ yoxdur. Yəni, muzdluların hərbi münaqişədə iştirakı beynəlxalq humanitar hüquqa ziddir.


Dünən sosial şəbəkələrdə erməni uşaqların aktiv döyüşlərə cəlb olunmasına dair videogörüntülər yayıldı. Qeyd edək ki, beynəlxalq hüquq uşaqların aktiv döyüşlərə cəlb edilməsini qadağan edir. Bu, Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozulması deməkdir.


Qeyd edək ki, bundan əvvəl isə yaşlı hərbçilərin, könüllülərin döyüşə cəlb olunmasına dair foto və videolar da yayılmışdı. Hələ də 1990-cı illərin xülyasından ayılmayan düşmən özü də çox yaxşı başa düşür ki, belə kortəbii halda nizam-intizamlı ordumuza qalib gəlmək mümkün deyil.


Bu acınacaqlı vəziyyət Ermənistanın ordusu haqqında illərdir formalaşdırdığı mifin də qısa müddət ərzində darmadağın olduğunu göstərir. Ermənistanın Müdafiə Nazirliyinin rəsmi nümayəndələri də bəzən bunu etiraf edirlər ki, ən müasir silah-sursat, hərbi texnika ilə təchiz olunmuş peşəkar Azərbaycan Ordusuna qarşı döyüşmək çox çətindir. Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 24-də Ermənistan əsgərlərinin silahı yerə qoyub təslim olması ilə bağlı müraciəti düşmən ordusu üçün ən məqbul qərar olar. Təcrübə göstərir ki, terrorçular, muzdlular, yaşlı hərbçilər heç zaman peşəkar ordu qarşısında duruş gətirə bilməyiblər.

Xəbər lenti