Xəzər Xəbər

Aİ ölkələri Brüsselin “COVID-yardımı”nın bölüşdürülməsindən razıdırlarmı?

Dünya | 13:22 • 19 Sentyabr 2020
Aİ ölkələri Brüsselin “COVID-yardımı”nın bölüşdürülməsindən razıdırlarmı?

Koronavirus böhranının nəticələrinin aradan qaldırılması üçün Avropa İttifaqı fondlarından ayrılan vəsait "ədalətsiz” bölüşdürülür.


"Vışeqrad qrupu”nun üzvləri olan Macarıstan, Çexiya, Slovakiya və Polşanın ümumi rəyi belədir. V4-ün yaxın vaxtlarda keçirilmiş zirvə görüşündə "Dördlük” bununla əlaqədar, Brüsselə narazılığını bildirib.


Avropa İttifaqının "COVID yardımı”nın ümumi məbləği hazırda 700 milyard avroya bərabərdir. Lakin pandemiyanın nəticələrinə qarşı mübarizə üzrə ümumavropa fondundan ayrılan vəsaitin bölüşdürülməsi ilə bağlı debatlar səngimir. "Vışeqrad dördlüyü” ölkələrinin fikrincə, bu və ya digər ölkəyə yardımın məbləği təyin edilərkən əsas meyar həmin ölkədə ÜDM-in azalması göstəricisi olmalıdır, bunu isə yalnız gələn ilin əvvəlində aydınlaşdırmaq mümkündür.


"Vışeqrad qrupu”na daxil olan dörd ölkə hələ də özlərini "yoxsul” hesab edir. Onlar əmindirlər ki, büdcə ədalətlə bölüşdürülməli və yoxsul ölkələr varlı ölkələrə pul ödəməməlidirlər.


Həmin ölkələr Aİ fondlarından ayrılan yardımın bölüşdürülməsi zamanı işsizlik səviyyəsi meyarından istifadə edilməsindən də narazıdırlar. Məsələn, Macarıstan və Çexiya bir neçə il ərzində Avropa İttifaqında işsizliyin ən aşağı səviyyədə olduğu ölkələr olublarsa, bu o demək deyil ki, indi onlar buna görə "cəzalandırılmalıdırlar”. Axı, işsizliyin aşağı səviyyəsi həm də milli büdcələrdən dotasiyalar hesabına əldə edilib. Xəzinə pullarını xərcləmək əvəzinə, işsizliyi "sərbəst üzmə” rejiminə buraxmaq, sonra isə ümumavropa fondundan sədəqə istəmək daha asan olardı. Buna görə də dörd ölkənin narazılığını başa düşmək olar.


Aİ fondlarından ayrılan vəsait, ilk növbədə, nəqliyyat infrastrukturu ilə bağlı layihələrin həyata keçirilməsinə yönəldilməlidir. V4 liderlərinin yekdil fikri belədir ki, Aİ-nin vəsaitləri bölüşdürülərkən daha yoxsul ölkələrin pulunun hansı hissəsinin varlı ölkələrin xeyrinə yönəldilməsini nəzərə almaq lazımdır. (AZƏRTAC)

Xəbər lenti