Xəzər Xəbər

Koronavirusa yoluxanlar mobil tətbiqlə qeydiyyatdan keçməli olacaqlar

Dünya | 14:27 • 10 İyul 2020
Koronavirusa yoluxanlar mobil tətbiqlə qeydiyyatdan keçməli olacaqlar

Sloveniyada koronavirus infeksiyasına yoluxan şəxslər gələcəkdə mobil tətbiq vasitəsilə icbari qaydada qeydiyyatdan keçməli olacaqlar.


Sloveniya parlamenti bu barədə qanun layihəsi qəbul edib. Mərkəz-sağçı koalisiyanın mütləq səs üstünlüyü ilə (50 lehinə, 23 əlyeyhinə) qəbul olunan qanuna əsasən, yoluxmuş şəxslərlə yanaşı, həmçinin karantin dövründə olan hər bir şəxs də mobil tətbiqdən istifadə etməli olacaq. Müxalifət partiyaları və ictimai fəallar tərəfindən mobil tətbiqlərin insanların şəxsi həyatına müdaxilə edəcəyi tənqid olunsa da, Baş Nazir Yaneş Yanşa telefonlara yüklənəcək bu tətbiqlərin sayəsində ölkədə getdikcə artmaqda olan yoluxma hallarının qarşısının alınacağına ümid edir.


Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Sloveniyada belə bir mobil tətbiq hələ mövcud deyil. Dövlət idarəçiliyi naziri Boştyan Koritnik STA agentliyinə müsahibəsində müvafiq mobil tətbiqin yaxın həftələrdə hazır olacağını bildirib.


Qeyd edilməlidir ki, Sloveniya may ayında ilk Avropa ölkəsi olaraq ölkədə koronavirus pandemiyasının başa çatdığını rəsmi şəkildə elan etmişdi. Qərbi Balkan ölkələrindən yoluxma hallarının idxal olunması isə kiçik Adria ölkəsini məhdudlaşdırıcı tədbirləri yenidən sərtləşdirməyə vadar edib. (AZƏRTAC)

Xəbər lenti