Xəzər Xəbər

Yaponiyada koronavirusa yoluxanların gündəlik sayı 100 nəfəri ötüb

Dünya | 10:21 • 27 İyun 2020
Yaponiyada koronavirusa yoluxanların gündəlik sayı 100 nəfəri ötüb

Yaponiyada koroanvirusa yoluxanların sayı mayın 9-dan sonra ilk dəfə 100 nəfəri ötüb. Bu, ölkədə işgüzar və sosial məhdudiyyətlərin ləğvindən sonra epidemiyanın yeni güc topladığını deməyə əsas verir.


Yaponiyada son sutkada rəsmi olaraq 105 nəfərin koroanvirusa yoluxduğu təsdiq olunub. Həmin şəxslərdən 54-nün Tokioda yaşadığı, onlardan 31-nin isə gecə klublarında çalışdığı məlum olub. Artıq üç gündür ki, paytaxtda yoluxmaların gündəlik sayı 50 nəfəri ötür.


Yaponiya hökuməti mayın 25-də fövqəladə vəziyyət rejimini ləğv etdikdən sonra, ilk altı gün ərzində hər gün 70-dən artıq COVID-19 virusuna yoluxma qeydə alınıb. Növbəti həftələrdə artmaqda davam edən yoluxma sayı iki həftə bundan əvvəl 291, bir həftə əvvəl 407, son həftədə isə 500-dən çox olub.


Tokioda koronavirusa yoluxanların sayının artmasına baxmayaraq, qubernator xanım Yuriko Koike səhiyyə sahəsində mütəxəssislərin rəyini əsas götürərək, bunun pandemiyanın ikinci dalğası olması barədə fikri təkzib edib.


Koronavirusa yoluxanların sayının artmasında əsas təhlükəli məqamlardan biri kimi, onun daha çox yaşı 40-dan aşağı olanlar arasında yayılması göstərilir.


Qeyd edək ki, son məlumatlara görə, Yaponiyada koronavirusa 18 min 970-dən çox insanın yoluxduğu bildirilir. Onlardan 984-nün vəfat etdiyi qeyd edilir.

Xəbər lenti