Xəzər Xəbər

İsveç hökuməti ÜST-ün rəyini rədd edib

Dünya | 09:01 • 27 İyun 2020
İsveç hökuməti ÜST-ün rəyini rədd edib

İsveç hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) krallıqda COVID-19-un təhlükəli həddə çatması ilə bağlı rəyini rədd edib.


Xüsusi mətbuat brifinqində İsveç dövlət epidemioloqu Anders Tegnell, ÜST-ün İsveçdə koronavirusun çox kəskin dərəcədə yayılması barədə qiymətləndirməsini qəbul etməkdən imtina edib.


Stokholmda baş tutan tədbirdə söz açan Anders Tegnell, ÜST məlumatlarının yanlış qiymətləndirmə verdiyini və son dövrlərdə İsveçdə təsdiqlənmiş yoluxma hallarının virusun daha çox yayılması səbəbindən deyil, test olunan insanların sayının artması ilə əlaqədar olduğunu qeyd edib. Fikrini əsaslandırmaq üçün Anders Tegnell, İsveçdəki reanimasiya şöbələrində yerləşdirilənlərin və ölüm hallarının azalması faktını diqqətə çatdırıb.


Qeyd edək ki, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı, İsveçlə yanaşı, 11 ölkədə virusun sürətlə yayılması faktını vurğulayaraq, bu hallarla mübarizədə zəruri tədbirlərin atılmadığı təqdirdə yenidən Avropa səhiyyə sisteminin çətin vəziyyətə düşə biləcəyini bildirib. (AZƏRTAC)

Xəbər lenti