Xəzər Xəbər

Gürcüstan bu il 2,1 milyard dollar borc almaq niyyətindədir

Dünya | 17:57 • 3 İyun 2020
Gürcüstan bu il 2,1 milyard dollar borc almaq niyyətindədir

Gürcüstan hökuməti cari ildə xarici donor və beynəlxalq təşkilatlardan 7,1 milyard lari (təqribən 2,1 milyard ABŞ dolları) borc götürmək niyyətindədir.


Bu barədə Gürcüstan hökumətinin koronavirus pandemiyası ilə əlaqədar yenilənmiş makroiqtisadi proqnozlarında deyilir. Bildirilir ki, hökumətin yeni layihəsi artıq parlamentə təqdim olunub. Hökumət xarici borcun bağlanması üçün 1,1 milyard lari xərcləyib.


Sənəddə deyilir ki, alınana xarici borcla ödənilən borc arasında 7,8 milyard lari fərq yaranır. Bunun da 6,1 milyard larisi xarici borcun, 1,7 milyard larisi isə daxili borcun payına düşür.


Növbəti illərin proqnozlarında isə deyilir ki, hökumət 2021-ci ildə 3,4 milyard lari, 2022-ci ildə isə 2,1 milyard lari xarici borc götürmək niyyətindədir.


Proqnozlara əsasən, 2020-ci ildə ümumi daxili məhsul istehsalı 4 faiz azalacaq. 2021-ci ildə ÜDM-in 4 faiz, 2022-ci ildə isə 6 faiz artacağı gözlənilir.


Sənədə görə, 2020-ci ildə Gürcüstanın xarici ticarətində 6,8 faiz azalma, idxalında isə 0,7 faiz artım gözlənilir.


Hökumətin proqnozlarına əsasən, 2021-ci ildə ixracın həcmi 9,5 faiz artacaq, idxal isə 6 faiz azalacaq.

Xəbər lenti