Xəzər Xəbər

Rusiyada 400-dən çox jurnalist koronavirusa yoluxub

Dünya | 15:34 • 1 İyun 2020
Rusiyada 400-dən çox jurnalist koronavirusa yoluxub

Rusiyada 400-dən çox jurnalist koronavirusa yoluxub. Onların çoxu xəstəliyi yüngül keçirib, beş KİV əməkdaşı isə infeksiya səbəbindən həyatını itirib.


Xezerxeber.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Jurnalistlər Federasiyası bütün dünyada 30 ölkədən olan 60-dan çox KİV əməkdaşının COVID-19 xəstəliyindən vəfat etdiyi barədə informasiya yayıb.


Mənzil qərargahı Cenevrə şəhərində yerləşən "Press Emblem Campaign” qeyri-hökumət təşkilatı isə öz növbəsində bu ilin mart ayından indiyədək koronavirus infeksiyasından 31 ölkədən azı 117 jurnalistin öldüyünü bildirib.


Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib.

Xəbər lenti