Xəzər Xəbər

BMT sentyabrın 9-nu Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü elan edib

Dünya | 21:26 • 31 May 2020
BMT sentyabrın 9-nu Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü elan edib

BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyanın sentyabrın 9-nu Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü elan etməsi haqqında yekdil qərarını təqdir edib. Baş katib, həmçinin UNESCO və UNICEF-i konfliktə məruz qalan ölkələrdə milyonlarla uşaqların acınacaqlı vəziyyətdə olması barədə məlumatlılığı artırmağa çağırıb.


UNESCO-nun saytında yer alan xəbərə görə, Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Gününü elan edən qətnaməni Qətər Dövləti təqdim edib və 62 ölkə tərəfindən dəstəklənib.


Antonio Quterreş qeyd edib ki, dünya birliyi COVID-19 pandemiyasının qarşısını almaq uğrunda mübarizə apardığı bir zamanda münaqişə zonalarında uşaqlar və gənclər onun dağıdıcı fəsadları qarşısında əhalinin ən həssas qrupları sırasındadır. Uşaqlara elə təhlükəsiz şərait yaradılmalıdır ki, onlar həmin şəraitdə gələcəkləri üçün vacib olan bilik və bacarıq əldə edə bilsinlər.


Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günü böhranın təsir etdiyi 35 ölkədə 3-18 yaş arasında insanların 75 faizinin yoxsul olmasına, habelə bu uşaqların təhsil almasını təcili dəstəkləməyə ehtiyac olduğuna diqqət çəkir. Eləcə də zorakılığın fəsadları ilə əlaqədar uşaqlardan və onların təhsil almaq bacarığından ötrü narahatlıq ifadə olunur. COVID-19 pandemiyası ilə əlaqədar müvəqqəti bağlanmış təhsil müəssisələri şagirdlərinin ehtiyacları xüsusi diqqət tələb edir.


UNESCO-nun Baş direktoru Odre Azule qətnaməni alqışlayaraq bildirib ki, məktəblər təhlükəsiz, münaqişə və zorakılıqdan uzaq olmalıdır. Bizim ümumi gələcəyimiz, habelə təhsil sahəsində bütün məqsədlərə çatmaq bundan asılıdır. Silahlı münaqişələr zamanı təhsil müəssisələrinə müxtəlif səviyyələrdə daha çox hücum edildiyi üçün BMT tərəfindən belə bir günün elan olunması önəmli addımdır. Bu, məktəblərin müdafiə və rifahı təmin edən məkan kimi dəyərini nümayiş etdirən COVID-19 pandemiyası kontekstində xüsusi aktualdır. UNESCO təhsil hüququnu təmin etmək və məktəblərin təhlükəsizliyini hamı uçun reallığa çevirmək məqsədilə bütün tərəfdaşlarla birgə fəaliyyət göstərmək əzmindədir.


UNICEF-in icraçı direktoru Henrietta For qeyd edib ki, məktəblərə hücum humanizm prinsiplərinin pozulmasıdır. Biz bu hücumların bütövlükdə uşaqların ümid və arzularını puç etməsinə yol verməməliyik.


Qətnamədə göstərilir ki, hökumətlər təhsilalanlar, xüsusən həssas durumda olanlar üçün bütün səviyyələrdə inklüziv, ədalətli və keyfiyyətli təhsilin təmininə və bu təhsilin müdafiəsinə görə məsuliyyət daşıyırlar. Sənəddə, həmçinin fövqəladə humanitar vəziyyətlərdə məktəblərin, təhsilalanların və müəllimlərin müdafiəsi üçün, təhsilin əlçatanlılığına mane olan hərəkətlərin qarşısının alınması üçün, silahlı münaqişə vəziyyətində təhsilin əlçatan olması üçün bütün mümkün tədbirləri görmək yolu ilə məktəblərdə təhlükəsiz şərait yaradılmasından ötrü fəallıq göstərilməsinin və maliyyələşmə həcminin genişləndirilməsinin zəruriliyi vurğulanır.


UNESCO və UNICEF BMT sistemi çərçivəsində və onun hüdudlarından kənarda tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Gününün hər il qeyd olunmasına kömək edəcək.


BMT bu günü təsis etməklə məktəblərin təhsilalanların və müəllimlərin müdafiəsini və təhlükəsizliyini təmin edən məkanlar qismində diqqətdə saxlanmasının, habelə təhsilin ictimaiyyətin diqqət mərkəzində qalmasının vacibliyini aydın şəkildə bildirir.


Bu vəzifə dünyada uşaqların 90 faizindən çoxu üçün məktəblərin bağlanmasına gətirib çıxaran COVID-19 pandemiyasına qarşı hökumətlərin mübarizə apardığı şəraitdə prioritet olaraq qalır.

Xəbər lenti