Xəzər Xəbər

G20 qrupu koronavirus pandemiyasının qlobal ticarətə və sərmayələrə təsirini müzakirə edib

Dünya | 14:39 • 1 Aprel 2020
G20 qrupu koronavirus pandemiyasının qlobal ticarətə və sərmayələrə təsirini müzakirə edib

G20 qrupuna daxil olan ölkələrin Ticarət nazirləri koronavirus pandemiyasının qlobal ticarətə və sərmayələrə təsirini videokonfrans vasitəsilə müzakirə ediblər.

Səudiyyə Ərəbistanının sədrlik etdiyi videokonfransda G20 qrupu çərçivəsində iki həftə ərzində yoxsul ölkələrə maliyyə yardımının göstərilməsinə dair Fəaliyyət Planı müzakirə olunub.

Səudiyyə Ərəbistanının Ticarət naziri Məcid bin Abdulla Əl Qəsabi 2008-ci ilin maliyyə böhranından daha ağır olan indiki iqtisadi vəziyyət barədə təhlilləri təqdim edib. O vurğulayıb ki, pandemiyanın iqtisadiyyata mənfi təsirini azaltmaq və humanitar fəlakətin qarşısını almaq üçün qrupa daxil olan ölkələrin liderləri səviyyəsində qlobal ticarət və sərmayələr üzrə əlaqələndirməyə, həmçinin sıx əməkdaşlığa ehtiyac duyulur.

Videokonfransda G20 ölkələrinin Maliyyə nazirləri, mərkəzi banklarının rəhbərləri Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının inkişaf etməkdə olan ölkələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması istiqamətində görə biləcəyi tədbirləri müzakirə ediblər. Eyni zamanda, Böyük İyirmilik ölkələrinin 2008-ci ildəki maliyyə böhranından sonra yaradılmış Maliyyə Sabitliyi Şurası ilə birlikdə hərəkət etməsinin zəruriliyi vurğulanıb. (AZƏRTAC)

BVF-nin icraçı direktoru Kristalina Georgiyeva G20 ölkələrinin səylərini yüksək qiymətləndirib. O əlavə edib ki, gələn il üçün iqtisadiyyatın canlanması planı koronavirus pandemiyasının qarşısının alınması və qeyri-müəyyənliyin aradan qaldırılmasından asılıdır.

G20 ölkələrinin nazirləri öz bazarlarını açıq saxlamaq və zəruri tibbi ləvazimatın təchizatını təmin etmək barədə razılığa gəliblər. Onlar, həmçinin iqtisadi vəziyyətin monitorinqini aparmağı və görüləcək tədbirləri birgə müzakirə etməyi qərara alıblar.

Xəbər lenti