Xəzər Xəbər

Yaponiyada 2020-ci maliyyə ili üçün ölkə tarixinin ən böyük büdcəsi qəbul edilib

Dünya | 08:54 • 28 Mart 2020
Yaponiyada 2020-ci maliyyə ili üçün ölkə tarixinin ən böyük büdcəsi qəbul edilib

Yaponiya parlamenti aprel ayında başlayacaq növbəti maliyyə ili üçün ölkə tarixinin ən böyük büdcə layihəsini qəbul edib.

Martın 27-də parlamentin yuxarı palatası hakim Liberal Demokratik Partiyasının (LDP), onun koalisiya tərəfdaşı Komey Partiyasının və digər partiyaların dəstəyi ilə növbəti maliyyə ili üçün dövlət büdcəsini bəyənib. Onun ümumilikdə 102 trilyon yen olduğu bildirilir.

LDP-dən deputat seçilmiş Takamoro Fukuoka bəyan edib ki, büdcə yeni koronavirusa qarşı mübarizədə baza rolunu oynayacaq və qısa zaman ərzində qəbul edilməlidir.

Parlamentin müxalifətdən olan üzvü Hiroyuki Naqahama isə yeni koronavirusla mübarizə tədbirlərinin büdcə layihəsində əksini tapmadığına görə onun əleyhinə səs verdiyini bildirib. 

Əlavə olaraq qeyd edək ki, rekord məbləğdə olan büdcədə ödənişsiz ali təhsil və iqtisadiyyatın tənzimlənməsi üçün stimullaşdırıcı tədbirlərin daxil olduğu bəndlər də öz əksini tapıb.

Bununla yanaşı, hökumətin yeni koronavirusun yayılmasına qarşı tədbirləri özündə əks etdirən əlavə büdcə layihəsini hazırlayacağı da bildirilir. (AZƏRTAC)

Xəbər lenti