Xəzər Xəbər

Si Cinpin və Donald Tramp koronavirus pandemiyasını müzakirə ediblər

Dünya | 11:19 • 27 Mart 2020
Si Cinpin və Donald Tramp koronavirus pandemiyasını müzakirə ediblər

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məsələlərini müzakirə ediblər.

AZƏRTAC Çinin rəsmi KİV-lərinə istinadla xəbər verir ki, ABŞ tərəfinin istəyi ilə baş tutan telefon danışığı zamanı Si Cinpin ölkəsinin pandemiya ilə mübarizədə bütün ölkələrlə, o cümlədən Birləşmiş Ştatlarla əməkdaşlığa açıq olduğunu deyib. O, ölkəsinin pandemiya ilə məlumatları, infeksiyanın yayılmasına qarşı qabaqlayıcı tədbirlər və müalicə təcrübəsini Ümumdünya Səhiyyə Təşkilatı və dünya dövlətləri ilə bölüşməyə davam edəcəyini bildirib.

Prezident Donald Tramp özünün "Tvitter” səhifəsində telefon danışığı zamanı koronavirus pandemiyasına dair detallı müzakirələr apardıqlarını yazıb. Çinin xəstəliklə mübarizədə böyük yol keçdiyini və virus barədə güclü bir anlayış yaratdığını qeyd edən Donald Tramp əlavə edib ki, "Biz birlikdə yaxşı işləyirik”.

Qeyd edək ki, son vaxtlar koronavirus pandemiyası ilə əlaqədar tərəflər arasında gərginlik müşahidə olunurdu. ABŞ Pekini xəstəlik haqqında dünya ictimaiyyətini gec məlumatlandırmaqda və cavab tədbirlərini gecikdirməkdə qınayıb. Pekin bu iddiaları rədd edib və ABŞ rəsmilərinin COVID-19-u "Çin virusu” və "Uxan virusu” adlandırmasını Çinə ləkə yaxmaq cəhdi kimi dəyərləndirib.

Xəbər lenti