Xəzər Xəbər

Tramp “Tokio 2020”nin təxirə salınmasını müdrik və böyük addım adlandırıb

Dünya | 09:27 • 25 Mart 2020
Tramp “Tokio 2020”nin təxirə salınmasını müdrik və böyük addım adlandırıb

ABŞ Prezidenti Donald Tramp "Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının təxirə salınması barədə qərarı müdrik və böyük addım adlandırıb.

Tramp bu barədə Oyunların təxirə salınması haqqında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qəbul etdiyi qərardan bir gün sonra Yaponiyanın Baş naziri ilə telefon danışığı zamanı bildirib. Qeyd edilir ki, telefon danışığı zamanı liderlər insanlığın virus üzərində qələbəsini göstərmək üçün Oyunları tam tərkibdə keçirmək məqsədilə sıx əməkdaşlıq barədə razılığa gəliblər.

Telefon danışığını şərh edən Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa deyib: "Prezident Donald Tramp Oyunların təxirə salınmasını müdrik və böyük addım adlandırıb və Baş nazirin mövqeyini dəstəklədiyini təsdiq edib”.

Əlavə olaraq bildirilir ki, ABŞ Prezidenti Baş nazir ilə BOK prezidenti arasında Oyunların təxirə salınması barədə razılıq əldə edildikdən sonra Şinzo Abenin danışdığı ilk əcnəbi lider olub. Razılaşmaya əsasən, Olimpiya Oyunları 2021-ci ilin yayından gec olmayaraq keçiriləcək.

Liderlər arasında telefon danışığı zamanı, həmçinin yeni koronavirusa qarşı birgə mübarizə tədbirləri, onun törətdiyi xəstəliyin müalicəsi məqsədilə dərmanın hazırlanması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılıq da əldə olunub. (AZƏRTAC)

Xəbər lenti