Xəzər Xəbər

İsveçrə Prezidenti koronavirus pandemiyası ilə əlaqədar əhaliyə müraciət etdi

Dünya | 17:56 • 22 Mart 2020
İsveçrə Prezidenti koronavirus pandemiyası ilə əlaqədar əhaliyə müraciət etdi

Avropada koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələrdən biri də İsveçrə Konfederasiyasıdır. İsveçrə hökuməti vəziyyətin ciddiliyini nəzərə alaraq ölkədə fövqəladə vəziyyət elan edib.

İsveçrə Prezidenti Simonetta Sommaruqa ölkə əhalisinə açıq məktubla müraciət edib. Məktubda koronavirus pandemiyasının bir gecə içində həyatı dəyişdiyini, yeni vəziyyətin hamı üçün çətin olduğu ifadə olunub. Prezident yaşı 65-dən yuxarı və səhhətində problemləri olan şəxsləri mütləq evdə qalmağa, ölkə əhalisini mümkün qədər sosial təmasları azaltmağa, küçədə rastlaşanda məsafə saxlamağa və gigiyena qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.

Məktubda qeyd edilir ki, ölkədə koronavirusdan ölənlərin sayı durmadan artır və bu ağır günlərdə hökumət, kantonlar və bələdiyyələr çıxış yolları arayırlar. Lakin ən vacib məqam xalqın bu qərarları dəstəkləməsi və qaydalara əməl etməsidir: ”Əziz həmvətənlər, hər şey öz əlimizdədir. Hökumət adından sizə çağırış edirəm: evinizdə qalın. Başqa insanlarla məsafə saxlayın. Bununla da özünüzə kömək etmiş olarsınız. Nəticədə başqa insanlara kömək etmiş olarsınız.” Qeyd edilib ki, bu tədbirlər sayəsində virusun yayılma sürəti yaşavlaya bilər və bunun nəticəsində də ölkənin müxtəlif xəstəxanalarında intensiv təbabət üçün istifadə olunan çarpayı çatışmazlığının qarşısı alınar.

Dövlət başçısı məktubunda hazırda koronavirusa qarşı mübarizədə öndə gedən tibb işçilərinə, eləcə də gündəlik normal həyatın davam etməsi üçün mühüm peşələrdə çalışan insanlara öz dərin təşəkkürünü bildirib.

Qeyd edilməlidir ki, İsveçrə koronavirus infeksiyasının ən geniş yayıldığı ölkələr arasında yer alır. Ölkədə virusa yoluxanların sayı 6 min nəfərdən artıqdır və 56 nəfər koronavirusla əlaqədar həyatını itirib. İsveçrə hökuməti beş nəfərdən artıq şəxsin iştirak etdiyi bütün toplantıları ölkə üzrə qadağan edib və növbəti həftə əlavə məhdudiyyətlərin elan olunacağı gözlənilir.

Xəbər lenti