Xəzər Xəbər

Çində xaricilər arasında ilk dəfə koronavirusa yoluxma faktı qeydə alınıb

Dünya | 21:49 • 29 Yanvar 2020
Çində xaricilər arasında ilk dəfə koronavirusa yoluxma faktı qeydə alınıb

Çində dekabrın sonundan başlayaraq yayılan koronavirusun yeni növünə ilk dəfə xaricilərin yoluxması faktı qeydə alınıb.


AZƏRTAC "South China Morning Post" qəzetinə istinadla xəbər verir ki, ölkənin cənubundakı Quandun vilayətində 2 Avstraliya vətəndaşı və bir Pakistan vətəndaşı bu virusa yoluxublar. Vilayətin səhiyyə qurumunun rəsmilərinin açıqlamasına əsasən, tibbi nəzarət altında olan hər 3 şəxsin vəziyyəti sabitdir. Onların virusa necə yoluxması hələ bilinmir. Avstraliya vətəndaşları barədə detallar açıqlanmasa da, Pakistan vətəndaşının Uxan şəhərində təhsil alan tələbə olduğu bildirilir. O, yanvarın 21-də Quandun vilayətinin Şencen şəhərinə, 3 gün sonra isə Quancou şəhərinə gəlib.


Səhiyyə qurumları həmin şəxslərin yaxın ünsiyyətdə olduqları adamların müəyyən edilməsi istiqamətində işə başlayıb.


Qeyd edək ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 6 min 86, bu virus səbəbindən ölənlərin sayı isə 132 nəfərə çatıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 9 min 239 nəfərə çatıb. İndiyədək 115 nəfər sağalaraq xəstəxananı tərk edib. Virusa ən çox yoluxma və ölüm halları Xubey vilayətində qeydə alınıb - 3554 yoluxma və 125 ölüm.


Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca və Birləşmiş Ərəb Əmirliklərində ümumilikdə 71 nəfərin virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Xubey sakinləri, ya da bu yaxınlarda Xubeydə səfərdə olanlardır.

Xəbər lenti