Xəzər Xəbər

Fələstin AYAĞA QALXDI: Tramp və Netanyahu fiaskoya uğrayır

Dünya | 12:26 • 29 Yanvar 2020
Fələstin AYAĞA QALXDI:

ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Binyamin Netanyahunun "Əsrin müqaviləsi”ni bəyan etməsindən sonra Fələstindən ilk açıqlama gəlib.

"Həmas” hərəkatının sözçüsü Həzim Qasım Qəzzanın silahsızlaşdırılması şərtini qəbul etmədiklərini bildirib.

"Qəzzadakı Fələstin dirəniş qruplarının əlindəki silahlar qanunidir. Biz bu silahlarla Fələstin xalqını qoruyuruq. Onlarla itirilən torpaqların geri qaytarılmasına çalışırıq. Heç bir qüvvə bu silahları fələstinlilərin əlindən ala bilməz”, - sözçü qeyd edib.

O, Fələstin xalqının İsraili bütün torpaqlardan çıxaracağını, Donald Trampın "Əsrin müqaviləsi” adlandırdığı quru sözlərinin dirəniş qarşısında buxarlanacağını bildirib.

Qeyd edək ki, ABŞ-ın müzakirələrə başlaması üçün İsraildən deyil, Fələstindən tələbləri olduğu dilə gətirilib. Bu tələblər sırasında Qəzzanın silahsızlaşdırılması, terrorçulara ( fələstinli məhkumlar və öldürülənlərin ailələləri nəzərdə tutulur) maddi yardımın dayandırılması, Beynəlxalq Cəza Məhkəməsinə şikayət göndərilməsinə son qoyulması, İsrailə qarşı təxribatın dayandırılması və onun rəyi olmadan beynəlxalq qurumlara üzv olunmaması yer alır.

İki liderdən böyük tamaşa

Donald Tramp və Binyamin Netanyahu daxili siyasətdə fiaskoya uğrayır. Trampın impiçment təhlükəsi, Netanyahunun isə istintaqa cəlb edilməsi hələ də gündəmdədir. Dünya mətbuatına əks olunan şərhlərdə planın tətbiq ediləcək bir tərəfinin olmadığı, ölkə daxilində sıxışan iki liderin ictimaiyyətə güc göstərişi edərək xal qazanmağa çalışdığı vurğulanır./publika.az

Xəbər lenti