Xəzər Xəbər

Yaponiya hökuməti yeni koronovirusla əlaqədar xüsusi yığıncaq keçirib

Dünya | 10:45 • 21 Yanvar 2020
Yaponiya hökuməti yeni koronovirusla əlaqədar xüsusi yığıncaq keçirib

Yanvarın 21-də Yaponiyanın Baş Naziri Şinzo Abe Çində yayılan yeni koronovirusla əlaqədar hökumətin xüsusi iclasını keçirib.


Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Tokioda təşkil edilən ənənəvi mətbuat konfransında bəyan edib.


Baş katibin bildirdiyinə görə, iclasda bütün beynəlxalq aeroportlarda və dəniz limanlarında ölkəyə girişin ciddi nəzarətə götürülməsi barədə qərar qəbul edilib. Xüsusilə virusun aşkar edildiyi Çinin Uhan şəhərindən gələn sərnişinlərin sağlamlıqla əlaqədar xüsusi anket doldurması qərara alınıb. Eyni zamanda, bütün səhiyyə müəssisələrinə yeni xəstəliklə bağlı hallara xüsusi diqqətlə yanaşılması tapşırılıb.


Həmçinin nəzarətin gücləndirilməsinin cari il yanvarın 25-də başlayan Çin yeni ili ilə bağlı olduğu da bildirilir. Belə ki, həmin ərəfədə çoxsaylı Çin turistləri məhz Yaponiyaya üz tuturlar. İndiyədək Yaponiyada yeni koronovirusla əlaqədar yalnız bir yoluxma halı qeydə alınıb.


Xatırladaq ki, Çində artıq həmin virusa yoluxan dörd nəfər ölüb. Həmçinin, Uhan, Pekin, Şanxay şəhərlərində və Quandun əyalətində 220 bu virusa yoluxma halı qeydə alınıb. (AZƏRTAC)

Xəbər lenti