Xəzər Xəbər

İran XİN: Təyyarə qəzasından siyasi məqsədlər üçün istifadə olunmamalıdır

Dünya | 14:18 • 17 Yanvar 2020
İran XİN: Təyyarə qəzasından siyasi məqsədlər üçün istifadə olunmamalıdır

Təyyarə qəzası kimi faciəli hadisədən siyasi məqsədlər üçün istifadə etmək düzgün deyil.


Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi yanvarın 17-də keçirdiyi mətbuat konfransında deyib.


Vətəndaşları təyyarə qəzasında həlak olan ölkələrin nümayəndələrinin Londonda bir araya gələrək birgə bəyanatla çıxış etmələrinə münasibət bildirən A.Müsəvi diqqətə çatdırıb ki, qəzadan siyasi məqsədlər üçün istifadə etmək etikaya sığmır.


Onun sözlərinə görə, həlak olanların kimlikləri müəyyən edilib və cəsədlər müvafiq ölkələrə göndəriləcək. İran bir daha ölənlərin ailələrinə başsağlığı verir və onlardan üzr istəyir.


Xatırladaq ki, yanvarın 16-da vətəndaşları təyyarə qəzasında həlak olan ölkələrin nümayəndələri Londonda bir araya gələrək birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, İran araşdırmanı ədalətli apararaq həqiqətləri üzə çıxarmalı, həlak olanların ailələrinə təzminat ödəməli və onların məhkəmə prosesində iştirakını təmin etməlidir.

Xəbər lenti