Xəzər Xəbər

Erməni mafiyasının səfir libaslı Troya atı

Dünya | 18:14 • 13 Yanvar 2020
Erməni mafiyasının səfir libaslı Troya atı

Keçən ilin axırlarında Almaniya KİV-lərində alman detektivlərin illər boyu bu ölkədə erməni mütəşəkkil cinayətkar qruplaşmanı ovlamasının final mərhələsi barədə bir sıra məlumatlar dərc edilmişdi. Şərti adı "Qanuni oğruların ovlanması” olan izləmə və dəlillər toplanması əməliyyatı 3 il davam etmişdi. İstintaq çox ciddi məxfilik şəraitində aparılırdı. Heç bir kənar şəxs bu barədə heç nə bilmirdi.


AZƏRTAC-ın məlumatına görə, bu müddətdə müstəntiqlər erməni mənşəli cinayətkarları addım-addım izləyirdi. Polis bu cinayətkarların fəaliyyətini alman cəmiyyəti və hüquqi dövlət üçün təhlükə hesab edirdi. Şübhəli kriminal "avtoritet”lərin bütöv bir cinayət şəbəkəsinə rəhbərlik edənlərin telefon danışıqları prokurorluğun icazəsi ilə dinlənirdi. Onların fəaliyyət dairəsi təkcə Almaniya ilə məhdudlaşmırdı. Xarici müşahidə aparılır, bütün əlaqələr, bank transaksiyaları yoxlanılır, informatorlar işləyirdi.


"Şpigel” və "Velt” nəşrlərində bildirilirdi ki, ölkədəki erməni cinayətkar şəbəkəsinin üzvlərinin sərəncamında böyük maliyyə resursları var.


Məlumdur ki, erməni bandaları avtomobillərin qaçırılması, mənzil oğurluğu, pul qoparmaq, müxtəlif dələduzluq əməlləri ilə məşğul olurdu. Qaçırılmış avtomobillər Polşaya aparılır, orada sökülərək ehtiyat hissələrə çevrilir, sonra həmin hissələr yenidən Almaniyada, həmçinin Belçika və Fransada satılırdı. Erfurtda bir neçə erməni və çeçenin iştirakı ilə aparılmış bir "razborka”dan sonra hüquq mühafizəçilərinin diqqəti erməni mütəşəkkil cinayətkar qrupuna tərəf yönəldi. Zərərçəkənlər yerli polisə müraciət edəndə xəfiyyələr bütöv bir gizli şəbəkənin izinə düşdülər. Bu şəbəkənin fəaliyyət sahəsi o qədər geniş idi ki, müstəntiqlər şoka düşmüşdülər. Bu məqamda təcili istintaq qrupu yaratmaq qərara alındı. Həmin qrup erməni mütəşəkkil cinayətkar qrupunun fəaliyyətini araşdırdıqca hər dəfə yeni dərin məqamlar üzə çıxırdı.


Bu vəziyyət bir neçə il davam etdi. Lakin xəfiyyələrin çoxsaylı dəlillər toplaya bilməsinə baxmayaraq, erməni mafiyasının boslarına qarşı ittiham təqdim etmək, onları saxlamaq üçün kifayət qədər sübut yox idi. Alman detektivlər məhkəmə araşdırması zamanı çıxılmaz vəziyyətdə qalmaq istəmirdilər. Axı verdikt çıxarmaq üçün hakimlərə tutarlı sübutlar lazım idi. Dəlillər isə yalnız şərti mənada qəbul edilir. Buna görə də hüquq mühafizəçiləri riskə getmək istəmirdi. Ümidvarıq ki, bu, müvəqqəti haldır.


Lakin burada daha vacib məqam var. Məlum oldu ki, bu təhqiqat zamanı heç kəsin gözləmədiyi halda Ermənistanın AFR-dəki səfiri Aşot Smbatyan öz köməyini təklif edib. Düşünmək olardı ki, bu, alqışlanmalı addımdır, lakin qəflətən və hamı üçün, ilk növbədə səfirin özü üçün gözlənilmədən intriqa yarandı. Alman xəfiyyələr ... onun xidmətindən imtina etdilər, çünki səfirin özünün erməni mafiyası ilə əlaqədar olması barədə ciddi şübhələr vardı.


Bu isə əsil şapalaqdır!


Üstəlik, bizim mənbəyin məlumatına görə, Almaniyadakı erməni mafiyasının həm biabır olmuş, şərti ləqəbi "Troya atı” olan səfir ilə (səfirin bu ləqəbi onunla bağlı idi ki, o, mafiyanın məxsusi agenti kimi göndərilmişdi və onun vəzifəsi öz bosları üçün məlumat toplamaqdan ibarət idi), həm də Ermənistanın dövlət strukturları ilə əlaqələri barədə müəyyən əsaslı şübhələr vardı. Bu isə, ayrıca götürülmüş bir səfirin vicdansızlığı ilə müqayisədə daha ciddi faktdır.


Erməni siyasi texnoloqları bir müddət varçapet Nikol Paşinyanı və onun komandasının imicini xilas etməklə məşğul idi. Onlar bu qalmaqalın Almaniya hüdudlarında qalmasına nail oldular, onun Ermənistan sərhədlərinə çatmasına imkan vermədilər. Lakin yaxşı deyiblər ki, cidanı çuvalda gizlətmək olmaz. Milyonlarla istifadəçi sosial şəbəkələr vasitəsilə bildi ki, Almaniyadakı erməni mütəşəkkil cinayətkar qrupunun Ermənistanın dövlət strukturları ilə əlaqələri olmasından şübhələnmək üçün alman Femidasının əlində ciddi əsaslar kar. Bu fonda "əlində şelfi ağacı tutmuş mister rukzak”ın rəhbərliyi ilə "erməni demokratik inqilabının” yüksək idealları barədə danışmağa dəyməz, çünki bu, "demokratiya” sözünü ələ salmaq olardı.

Xəbər lenti