Xəzər Xəbər

Fransa ABŞ-dan ÜTT-yə şikayət edəcək

Dünya | 18:08 • 8 Dekabr 2019
Fransa ABŞ-dan ÜTT-yə şikayət edəcək

Paris ABŞ-ın Fransa mallarına yeni gömrük tətbiq etmək niyyəti ilə əlaqədar Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət etməyə hazırlaşır.


APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa İqtisadiyyat və Maliyyə naziri Bryuno Lye Mer bəyan edib.


ABŞ ticarət nümayəndəsinin hesabatında bildirilir ki, Fransa ABŞ rəqəmsal şirkətlərinə qarşı diskriminasiya siyasəti həyata keçirir. ABŞ isə bunun qarşılığında Fransa mallarına tətbiq edilən gömrük rüsumunu 100 faiz, yəni 2,4 milyard dollar həcmində artıra bilər. Yeni gömrük rüsumları Fransa şampanı və pendiri kimi mallara tətbiq edilə bilər. Bundan əvvəl oktyabr ayında ABŞ "Airbus” işi çərçivəsində fransız şərablarına 25 faizə əlavə gömrük rüsumu tətbiq edib.


Fransa Maliyyə və İqtisadiyyat naziri isə deyib ki, Fransada rəqəmsal vergi ABŞ şirkətləri kimi Avropa şirkətlərinə, o cümlədən Fransa və Çin şirkətlərinə də təsir edir: "Mən Fransada rəqəmsal verginin ABŞ şirkətlərinə qarşı diskriminasiya kimi qiymətləndirilməsini qəbul etmirəm. ABŞ sanksiyalarının isə heç bir qanuni əsası yoxdur. Əgər Vaşinqton Fransa mallarına yeni gömrük rüsumları tətbiq etsə, Avropa İttifaqı buna güclü cavab verməyə hazırdır”.


Qeyd edək ki, bu ilin iyulunda Fransa parlamenti ölkədə "Amazon”, "Apple”, "Facebook” və "Google” kimi nəhəng rəqəmsal şirkətlərin xidmətlərinə görə vergi tətbiqini nəzərdə tutan qanun qəbul edib. Bu, ABŞ-da ciddi tənqidlə qarşılanıb. ABŞ Prezidenti Donald Tramp buna cavab olaraq Fransa şərablarına yeni gömrük rüsumu tətbiq edilə biləcəyini bəyan edib. Avqust ayında Fransa Prezidenti Emmanuel Makron Paris və Vaşinqton arasında razılaşma əldə olunduğunu açıqlayıb. Razılaşmaya əsasən, beynəlxalq səviyyədə rəqəmsal xidmətlərə görə vergi tətbiq edilən zaman Fransa böyük rəqəmsal şirkətlərə tətbiq etdiyi vergini ləğv edəcək.

Xəbər lenti