Xəzər Xəbər

Şimali Koreyadan ABŞ-a xatırlatma

Dünya | 14:35 • 3 Dekabr 2019
Şimali Koreyadan ABŞ-a xatırlatma

Koreya Xalq Demokratik Respublikası (KXDR) ilin sonunadək nüvə danışıqları ilə bağlı yeni təkliflər irəli sürmək üçün ABŞ-a verdiyi vaxtın sona yaxınlaşması ilə əlaqədar rəsmi Vaşinqtona xatırlatma edib.


AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki, bununla bağlı bəyanatı KXDR-in ABŞ ilə danışıqlara məsul şəxsi olan Xarici Işlər nazirinin müavini Ri Te Sonq yayıb.


Bəyanatda ölkənin Birləşmiş Ştatlar üçün qoyduğu zamanın sona yaxınlaşdığı, amma rəsmi Vaşinqtonun vaxt udmağa çalışdığı, KXDR-in reaksiyasına cavab vermədiyi qeyd olunur.


"ABŞ-ın reklam etdiyi dialoq əslində KXDR-i danışıqlardan asılı salmaq, habelə ondan siyasi vəziyyət və Birləşmiş Ştatlardakı seçkilər naminə istifadə etmək üçün axmaq hiylədən başqa bir şey deyil”, - deyə bəyanatda vurğulanr. KXDR rəsmi Vaşinqtonun dalana dirəndiyi vaxt qaldırdığı dialoq ritorikasını kifayət qədər dinlədiklərini, artıq bundan sonra heç kimin ona qulaq asmayacağını deyib.


Ölkəsinin ötən müddətdə əlindən gələni açıq formada etdiyini bildirən nazir müavini deyib ki, KXDR bu andan etibarən nə edəcəyini gizlətməyə ehtiyac duymur və ABŞ-a ilin sona yaxınlaşdığını bir daha xatırladır.


Bəyanatda KXDR-in öz təşəbbüsü ilə atdığı vacib addımlardan geri çəkilməmək üçün mümkün olan hər şeyi maksimum əzmlə etdiyi qeyd edilib.


Şimali Koreya rəsmisi nüvə danışıqlarının taleyinin ABŞ-ın qəbul edəcəyi qərardan asılı olacağını, "Milad bayramı üçün hədiyyə”nin Birləşmiş Ştatların özünün seçməli olacağını bildirib.


Qeyd edək ki, ABŞ və KXDR arasında Koreya yarımadasının nüvə silahsızlaşdırılması ilə bağlı iki ölkənin lideri Donald Tramp və Kim Çen Inın ötən ilin yayında Sinqapurda keçirilmiş görüşlə başlayan intensiv dialoqda bir neçə dəfə fasilə yaranmışdı. Cari ilin oktyabrında İsveçdə tərəflər arasında işçi səviyyədə keçirilmiş danışıqlar nəticəsiz başa çatandan sonra KXDR tərəfi ABŞ-ın yeni təkliflər irəli sürməyəcəyi təqdirdə, danışıqların davamımın mümkün olmadığını bəyan etmişdi.

Xəbər lenti