Xəzər Xəbər

Ukrayna Ali Məhkəməsi Mixeil Saakaşvilinin Polşaya deportasiyasını qanuni hesab edib

Dünya | 15:22 • 20 Noyabr 2019
Ukrayna Ali Məhkəməsi Mixeil Saakaşvilinin Polşaya deportasiyasını qanuni hesab edib

Ukrayna Ali Məhkəməsi Mixeil Saakaşvilinin 2018-ci ildə Polşaya deportasiyasını qanuni hesab edib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı məhkəmənin mətbuat xidməti yayıb.


Ali Məhkəmə Saakaşvilinin Ukrayna Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyinə qarşı iddiası əsasında kassasiya şikayətini təmin etməyib. Məlumatda deyilir: "Ali Məhkəmə hakimiyyətin səlahiyyətli subyektlərin Saakaşvilinin Polşa Respublikasına readmissiyası üzrə hərəkətlərini qanuni hesab edib”.


Gürcüstanın sabiq Prezidenti hüquq-mühafizə orqanlarının onun Polşaya qaytarılmasını nəzərdə tutan 12 fevral 2018-ci il tarixli qərarın yerinə yetirməsinin qanunsuz olmasının tanınması xahişi ilə müraciət etmişdi. Ali Məhkəmə əvvəlki məhkəmə instansiyalarının qərarlarını qüvvədə saxlayıb və iddiaçının müraciətini təmin etməyib.


Mətbuat xidmətinin məlumatında bildirilib ki, noyabrın 19-da çıxarılan qərar qəbul olunduğu andan qüvvəyə minir, qətidir və ondan şikayət verilə bilməz.


Xatırladaq ki, mayın 19-da Odessa vilayəti administrasiyasının keçmiş başçısı Mixeil Saakaşvili Ukraynaya qayıdıb. Bundan başqa, Prezident Vladimir Zelenski onun Ukrayna vətəndaşlığını bərpa edib və özünün sələfi Pyotr Poroşenkonun müvafiq fərmanını ləğv edib. Eyni zamanda, hərbi prokurorluq da bəyan edib ki, Mixail Saakaşvilinin 2018-ci ilin fevralında deportasiyası üzrə təhqiqat aparır.

Xəbər lenti