Xəzər Xəbər

Prezident Donald Tramp Dövlət Departamentinin əməkdaşını kəskin tənqid edib

Dünya | 15:39 • 18 Noyabr 2019
Prezident Donald Tramp Dövlət Departamentinin əməkdaşını kəskin tənqid edib

Prezident Donald Tramp bazar günü ABŞ Dövlət Departamentinin əməkdaşı, çərşənbə axşamı ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə ifadə verməyə hazırlaşan Cennifer Uilyamsı kəskin tənqid edib.


Cennifer Uilyams impiçment işi üzrə təhqiqatda Konqresin nümayəndələri ilə əməkdaşlıq edən vəzifəli şəxslərdən biridir. Peşəkar diplomat olan Cennifer Uilyams hazırda vitse-prezident Mayk Pensin köməkçisidir. Tramp bazar günü öz twitter səhifəsində impiçment işi üzrə təhqiqatda ifadələr verən digər vəzifələri şəxsləri də əsassız olaraq ittiham edib. Cennifer Uilyamsı "Trampı sevməyən adamlardan biri” kimi səciyyləndirib Prezidenti. O yazıb ki, xanım Uilyams "ifadə verməzdən əvvəl prezidentin telefon zənglərinin hər iki stenoqramını oxumalıdır”.


Qeyd etmək lazımdır ki, noyabrın əvvəlində Uilyams bağlı qapılar arxasında həmin Komitəyə ifadə verib. Amerika KİV-lərinin yazdığına görə, Cennifer Uilyams qanunvericilərə bildirib ki, iyulun 25-də o, Ağ Evin böhranlı vəziyyətlərdə işləmək üçün nəzərdə tutulan "Situasiya otağı”nda olub və Prezident Zelenski ilə Trampın real zaman rejimində telefon söhbətini eşidib. Uilyams Ukraynanın hərbi ehtiyacları üçün yardımın dayandırılması barədə qərar ləğv ediləndən sonra sentyabrın 18-də vitse-prezident Pens ilə Zelenskinin ikinci telefon söhbətini də eşidib.


Xatırladaq ki, impiçment işi üzrə təhqiqatın mərkəzində Trampın Ukrayna Prezidenti Zelenskiyə telefon zəngi dayanır. Demokratlar Prezidenti bunda ittiham edirlər ki, o, Ukraynanın hərbi ehtiyacları üçün maliyyə yardımını müvəqqəti dayandırıb və bu il iyul ayında Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon söhbəti zamanı onu keçmiş vitse-prezident Co Bayden və onun oğlu, əvvəllər Ukrayna qaz şirkətində işləmiş Hanterin barəsində təhqiqat aparmağa məcbur etməyə cəhd göstərib. Co Bayden 2020-ci il prezident seçkilərində Demokratlar Partiyasından namizədliyə əsas iddiaçılardan biridir. Sonradan Tramp Ukraynaya maliyyə yardımı məsələsini bərpa edib, lakin müstəntiqlər bir şeyi bilmək istəyirlər: çoxlarının fikrincə, prezidentin hakimiyyətdən sui-istifadə etməsi kimi qiymətləndirilə biləcək bu iki hadisə arasında hər hansı əlaqə olubmu? (AZƏRTAC)

Xəbər lenti