Xəzər Xəbər

“Sarı jiletlər” aksiyaları Fransaya 2,5 milyard avroya başa gəlib

Dünya | 14:16 • 15 Noyabr 2019
“Sarı jiletlər” aksiyaları Fransaya 2,5 milyard avroya başa gəlib

Fransa "sarı jiletlər”in etiraz aksiyaları başlayandan bəri bir il ərzində 2,5 milyard avro itirib.


AZƏRTAC RTL radiostansiyasına istinadla xəbər verir ki, Fransa hökumətinin məlumatına görə, il ərzində nümayişlər zamanı zərər çəkən 5 min kiçik müəssisə və ticarət firması dövlətdən yardım istəyib. Əsasən də onlar hakimiyyətdən ümumi həcmi 460 milyon avroya çatan sosial ödəmələrin və digər vergilərin təxirə salınmasını xahiş edib. Həmçinin sığorta kompaniyaları həmin dövr ərzində 13 min müəssisəyə ümumilikdə 230 milyon avro təzminat ödəyib.


"Sarı jiletlər” hərəkatının başladığı 2018-ci ilin noyabrından mehmanxana və restoran biznesində, ticarət və nəqliyyat sahələrində çalışan 75 min fransalı işçi qismən işsizliklə üzləşib.


Xatırladaq ki, 2018-ci il noyabrın 17-də yanacağa vergilərin artırılmasına etiraz olaraq Fransada "sarı jiletlər”in irimiqyaslı aksiyaları başlayıb. Ənənəvi şənbə aksiyaları əksər hallarda iğtişaşlar və nümayişçilərin polislə toqquşmaları ilə müşayiət olunub.

Xəbər lenti