Xəzər Xəbər

Tokioda İmperator Naruhitonun taxta çıxması ilə əlaqədar parad keçirilib

Dünya | 15:59 • 10 Noyabr 2019
Tokioda İmperator Naruhitonun taxta çıxması ilə əlaqədar parad keçirilib

Yaponiya İmperatoru Naruhitonun taxta çıxması ilə əlaqədar Tokioda təntənəli avtomobil paradı keçirilib.


AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən xəbər verir ki, İmperator Naruhitonun və İmperatriçə Masakonun əyləşdiyi avtomobili müşayiət edən kortec yerli vaxtla saat 15:00-da əsas Saraydan çıxaraq Akasaka iqamətgahına doğru hərəkət edib. Məxsusi olaraq bu parad üçün hazırlanmış "Toyota Centry” avtomobilində əyləşən Əlahəzrət Naruhito və İmperatriçə Masako 4,6 kilometr uzunluğunda yolboyu düzülmüş paytaxt sakinlərini salamlayıblar. Həmin avtomobilin ümumi dəyərinin təqribən 80 milyon yen (təqribən 750 min dollar) olduğu bildirilir.


İmperator cütlüyünün oturduğu üstüaçıq avtomobili Baş Nazir Şinzo Abe başda olmaqla hökumət üzvlərinin əyləşdiyi təqribən 30 maşın müşayiət edib. Korteclə birlikdə təxminən 18 polis motosikli və maşını da hərəkət edib. Kortecin uzunluğu təqribən 400 metrə çatıb.


İmperator Naruhito sinəsində ali Xrizantema ordeni asılmış qara frakda, İmperatriçə Masako isə başında tac və medalla bəzədilmiş parlaq rəngli uzun paltarda olub.


İmperator cütlüyü yola düşməzdən əvvəl orkestr Yaponiyanın dövlət himnini ifa edib.


İmperator kortecini əllərində kiçik bayraqlar tutmuş minlərlə Tokio sakini və paytaxtın qonaqları "Yaşasın Əlahəzrət İmperator!” çağırışları ilə salamlayıblar.


Təntənəli paradla əlaqədar Tokio polisi tərəfindən çox güclü təhlükəsizlik tədbirləri görülüb. Marşrutun keçdiyi ərazidə avtomobillərin hərəkəti, tamaşaçılara isə şelfi çubuqlarında və kvadrokopterlərdən istifadə qadağan edilib. Eyni zamanda, əraziyə böyük bayraqların, transparantların, alışqanların, böyük əşyaların, spirtli içkilərin və istənilən alüminim bankaların gətirilməsinə qadağa tətbiq edilib.


Tədbirlə bağlı təhlükəsizliyin təmin edilməsinə isə ümumilikdə hüquq-mühafizə orqanlarının 26 min əməkdaşı cəlb edilib.


Xatırladaq ki, İmperator Naruhito cari i mayın 1-də atası Akihito səhhəti və yaşının çox olması ilə əlaqədar taxtdan imtina etdikdən sonra taxta çıxıb. Yaponiya Konstitusiyasına uyğun olaraq İmperatorun rəsmi taxta çıxmasının elan edilməsi mərasimi oktyabrın 22-də keçirilib.

Xəbər lenti