Xəzər Xəbər

Azərbaycanlı şəhidin Ukraynada yaşayan ailəsinə birdəfəlik ödəmənin sənədi təqdim olunub

Dünya | 18:54 • 4 Noyabr 2019
Azərbaycanlı şəhidin Ukraynada yaşayan ailəsinə birdəfəlik ödəmənin sənədi təqdim olunub

Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsinin icrası ilə əlaqədar ölkəmizin Ukraynadakı səfirliyində görüş keçirilib.


AZƏRTAC xəbər verir ki, 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Füzuli Rayon Polis Şöbəsinin sabiq əməkdaşı Muxtar Hədisovun Nikolayev şəhərində yaşayan həyat yoldaşı Mövludə Hədisova ilə görüş zamanı səfirliyin əməkdaşları ona birdəfəlik ödəməni təsdiqləyən sənədi təqdim ediblər.


Göstərdikləri maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirən şəhidin həyat yoldaşı M.Hədisova qeyd edib ki, onlar Azərbaycan dövlətinin dəstəyini daim hiss edirlər. Dövlətin şəhid ailələrinə qayğısı davamlı və çoxşaxəli səciyyə daşıyır. Prezident İlham Əliyev dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır.

Xəbər lenti