Xəzər Xəbər

“Hagibis” qasırğası Yaponiyada 10 nəfərin həyatına son qoyub, 16 itkin var

Dünya | 09:30 • 13 Oktyabr 2019
“Hagibis” qasırğası Yaponiyada 10 nəfərin həyatına son qoyub, 16 itkin var

Oktyabrın 12-də Yaponiyanın mərkəzi hissəsindən keçən "Hagibis” qasırğası nəticəsində 10 nəfər ölüb, 128 nəfər xəsarət alıb, 16 nəfər isə itkin düşüb.


Oktyabrın 12-də axşam qasırğa Yaponiyanın mərkəzi Hönsü adasına çatıb. Küləyin sürəti saniyədə 45 metrə, bəzi hallarda 65 metrə çatıb. Paytaxt Tokioda küləyin sürətinin saniyədə 41,5 metrə çatdığı bildirilir.


Həmin vaxt Tokio daxil olmaqla 12 prefekturada leysan yağışlar təhlükəsi barədə xəbərdarlıq elan edilib. Paytaxtın 23 mərkəzi rayonu da daxil olmaqla ətraf rayonlarda ən yüksək təhlükə həddi elan edilib. Hazırda həmin xəbərdarlıq artıq ləğv olunub.


Son 60 ildə ilk dəfə baş verən çox güclü təbii fəlakət nəticəsində 10 nəfərin öldüyü, 16 nəfərin itkin düşdüyü bildirilir. Baş nazir Şinzo Abe həlak olanların ailə üzvlərinə başsağlığı verib.


"Mən həlak olanların ruhuna dualar oxuyaraq, onların ailə üzvlərinə baş sağlığı verirəm”, - deyə o, oktyabrın 13-də səhər jurnalistlərə bildirib.


Baş nazir deyib ki, hazırda polis və yanğınsöndürmə xidmətinin əməkdaşları, həmçinin Yaponiya özünümüdafiə qüvvələrinin 27 min əməkdaşı xilasetmə işlərinə cəlb edilib.


Oktyabrın 13-də səhər Baş nazirin ofisində fövqəladə böhran qərargahı yaradılıb. Onun əsas vəzifəsi tufanın nəticələrinin aradan qaldırılması ilə bağlı işləri əlaqələndirməkdir.


NHK telekanalının yaydığı görüntülərdə çayların məcralarından çıxaraq çox böyük əraziləri su altında qoyduğu aydın görünür. Xüsusən Naqano şəhərində Çinano çayının daşması nəticəsində qocalar evindəki 160 nəfərin ətraf aləmlə əlaqəsi kəsilib. Saytama prefekturasında isə buna oxşar hadisə nəticəsində 260 nəfərin blokadaya düşdüyü bildirilir. Hazırda onların təxliyəsi ilə bağlı işlər görülür. Bu görüntülərdə su içərisində qalan "Şinkansen” qatarları da var.


Bununla yanaşı, bir sıra yerlərdə güclü külək elektrik xətlərini sıradan çıxarıb. Bu barədə mətbuat konfransında məlumat verən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib ki, nəticədə 376 min ev işıqsız qalıb, 14 min evə su verilişi dayanıb.


Tufan nəqliyyatın hərəkətində də problemlər yaradıb. Bazar gününə olan son məlumata görə, aviaşirkətlər 800-dən çox reysin təxirə salındığını elan edib. Paytaxt Tokioda dəmir yolu xətlərinin hərəkəti hələ də bərpa olunmayıb. (AZƏRTAC)

Xəbər lenti