Xəzər Xəbər

Fransada 350 xəstə üzərində gizlin klinik sınaq aparılıb

Dünya | 15:01 • 20 Sentyabr 2019
Fransada 350 xəstə üzərində gizlin klinik sınaq aparılıb

Fransanın Vienn departamentinin Puatye şəhərində Müqəddəs-Xaç (Saint-Croix) abbatlığında 350 Parkinson və Altsgeymer xəstələrinin müalicəsi üçün naməlum təsirli molekullardan istifadə edilərək göstərilən qeyri-qanuni müalicə aşkarlanıb. Bu qeyri-qanuni sınaq müalicə üsulunun aparılması sentyabr ayının əvvəlində xəstələrin qanının analizi zamanı laboratoriyada aşkarlanıb.


Analizin nəticələri bu xəstələrə yuxu üçün məsləhət görülən, ancaq əlavə təsirlərinə görə bəzi xəstələrə qadağan olunan melatonin hormonlarına oxşar molekullar verildiyi aşkarlanıb.


Fransa Səhiyyə naziri Anyes Büzen Müqəddəs-Xaç abbatlığında göstərilən bu "vəhşi müalicə”dən dəhşətə gəldiyini bildirərək, bunun çox "ciddi səhv” olduğunu deyib.


Abbatlıqda göstərilən müalicə üsulu Josefa Fondasyonu tərəfindən aparılıb. Fondasyonun vitse-prezidenti Professor Anri Juayö ölkədə peyvənd əleyhinə sərt mövqe tutması ilə tanınır.


"Vəhşi klinik sınaq”ların keçirilməsinin aşkar edilməsindən sonra Dərman Agentliyi (ANSM) məhkəməyə müraciət edib və işlə bağlı təhqiqata başlanılıb. Qeyri-qanuni müalicə aparanları ən azı 15 min avro cərimə və bir il həbs cəzası gözləyir. (AZƏRTAC)

Xəbər lenti